Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində bu il mühüm işlər görülüb 30.12.2018 09:35 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 28-də AMEA Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib. 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yığıncağı giriş sözü ilə açaraq tədbirdə bölməyə daxil olan elmi müəssisələrin illik hesabatlarının dinləniləcəyini bildirib. Akademik bölmə əməkdaşlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Hesabat ilində bölmənin institut və təşkilatlarında həyata keçirilən tədbirlərdən danışan alim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq bu il AMEA-da yubileylə bağlı bir sıra işlər görüldüyünü diqqətə çatdırıb. Natiq Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində AMEA-nın Rəyasət Heyətinin ölkə başçısının imzaladığı sənədlərin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı təsdiq etdiyi Tədbirlər planına əsasən, mühüm işlər görüldüyünü söyləyib.

Sonra çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli Rəyasət Heyətinin "AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında" 3 oktyabr 2018-ci il tarixli qərar qəbul etdiyini xatırladıb. Akademik hesabatların institut və təşkilatlarda görülən işlər, həyata keçirilən tədbirlər, beynəlxalq əməkdaşlıq, il ərzində alınan mühüm elmi nəticələr və digər göstəricilərə əsasən hazırlandığını söyləyib.

T.Kərimli vurğulayıb ki, hesabat ilində bölmə üzrə 38 problemin 97 mövzusu, 412 işin 201 mərhələsi üzrə tədqiqat aparılıb. İlin sonuna doğru 132 işin 143 mərhələsinin başa çatdığını deyən akademik bölmənin elmi müəssisələri tərəfindən 11 respublika və 7 beynəlxalq səviyyəli tədbir keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, il ərzində 7-si xaricdə olmaqla 148 kitab, 8-i xaricdə olmaqla 109 monoqrafiya, 247-si xaricdə olmaqla 2380 məqalə və 41-i xaricdə olmaqla 170 tezis çap edilib. 2018-ci ildə bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda 27 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə 102 dəfə istinad olunub. Kadr hazırlığı məsələsinə toxunan natiq vurğulayıb ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 47, elmlər doktorluğu üzrə 16 nəfər müdafiə edib. Natiq Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 3 layihənin qəbul edilərək maliyyələşdirildiyini nəzərə çatdırıb.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Məhəmməd Füzuli adına Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Hüseyn Cavidin Ev muzeylərinin hesabatları təqdim edilib.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, fikirlər səsləndirilib. Bölmə hesabatların dinlənilmək üçün Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.