AMEA Yüksək Texnologiyalar Parkında 2018-ci ilin yekunlarına həsr olunan yığıncaq keçirilib 28.12.2018 11:15 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 27-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) 2018-ci ilin yekunlarına həsr olunan yığıncaq keçirilib.

Tədbirdə AMEA YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbəri olduğu müəssisənin kollektivini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Müəssisənin 2018-ci ildəki fəaliyyətinə dair məruzə edən N.Şükürov bildirib ki, “Texnologiyalar parkı haqqında Nümunәvi Әsasnamә” nin 5-ci bəndinə uyğun olaraq, YT Park illik hesabat hazırlamalı vә ölkə Prezidentinә tәqdim etməlidir.

Alim əlavə edib ki, hesabatda YT Parkın rezidentləri, onların istehsal etdikləri məhsullar, həmçinin ərazidə yerinə yetirilmiş mühəndis-infrastruktur layihələri, abadlıq işləri, əldə olunmuş mühüm nailiyyətlər və qarşıda duran vəzifələr əks olunmalıdır. O, YT Parkda cari ildə yerinə yetirilmiş işlər barədə hesabatın ümumiləşdirilərək nəşr olunacağını bildirib.

Rezident şirkətlərin illik hesabatlarının toplanılmasının zəruriliyini vurğulayan direktor 2018-ci ildə ölkəmizdə ilk dəfə olaraq rezident “Buta Armor” şirkətinə zirehli jiletlərin və aksesuarların istehsalı üçün icazənin verilməsinin də illik hesabata daxil ediləcəyini vurğulayıb.

Həmçinin Daxili auditor və maliyyə şöbəsinə AMEA YT Parkın son bir ildəki fəaliyyətinə müstəqil auditor rəyinin hazırlanması tapşırılıb.

Tədbirdə illik hesabatların hazırlanması üçün icraçılar müəyyən olunub, konkret tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.