Geologiya və Geofizika İnstitutunda cari il üzrə uğurlu elmi nəticələr əldə oluub 27.12.2018 16:12 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 27-də AMEA Yer Elmləri Bölməsinin iclasında Geologiya ve Geofizika İnstitutunun (GGİ) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim olunub.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, institutun direktoru, akademik Akif Əlizadə Azərbaycanda son illər elmin inkişafı istiqamətində mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Alim cari il aprelin 9-da Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 27 mart tarixinin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi haqqında imzaladığı Sərəncamı xatırladıb. Bildirib ki, bu addım dövlət başçısının ölkə elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.

A.Əlizadə 2018-ci ildə rəhbərlik etdiyi institutun 80 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu, tədbirdə bir çox xarici ölkə alimlərinin iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, yubiley ərəfəsində dövlət başçısının müvafiq sərəncamları ilə institutun bir qrup alimi Azərbaycanda geologiya və geofizika elminin inkişafındakı xidmətlərinə görə respublikanın yüksək mükafatlarına layiq görülüblər.

Sonra AMEA prezidenti institutun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyevin GGİ-nin 80 illik yubileyi münasibətilə dövlət başçısı tərəfindən “Şöhrət ordeni” ilə təltif edildiyini vurğulayaraq, alimə mükafatı təqdim edib.

Çıxış edən prof. Adil Əliyev yüksək mükafata layiq görüldüyünə görə ölkə Prezidenti İlham Əliyevə və akademik A.Əlizadəyə təşəkkür edib. O, 3 il öncə İtaliyada "Dünya palçıq vulkanı atlası"nın çap edildiyini, institutda dünyadakı palçıq vulkanları ilə bağlı yeni məlumatların əldə edildiyini, mühüm elmi nəticələrə nail olunduğunu diqqətə çatdırıb.

Sonra bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Alim Geologiya və Geofizika İnstitutunun qarşısında duran vəzifələr və perspektivlərdən söz açaraq bildirib ki, növbəti ildən etibarən GGİ-də prioritet istiqamətlərdə elmi tədqiqatların daha da genişləndirilməsi, institutun nüfuzlu alimlərini gənclərə tanıtmaq məqsədilə onlarla görüşlərin təşkil edilməsi, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov müəssisənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə edib. Natiq qeyd edib ki, 2018-ci ildə elmi tədqiqatlar 11 mövzu və 16 elmi-tədqiqat işini əhatə etməklə 3 problem üzrə aparılıb, 4 elmi-tədqiqat işi başa çatdırılıb,12 elmi-tədqiqat işi isə hazırda davam etdirilməkdədir.

2018-ci ildə GGİ-də reallaşan beynəlxalq elmi əlaqələrin uğurlu olduğunu bildirən D.Hüseynov AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR – Consiglio Nazionale delle Ricerche) arasında imzalanmış ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilə çərçivəsində 2018-2019-cu illər üçün “Mingəçevir ərazisində (Azərbaycan) su anbarından yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda layihə üzrə elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, GGİ ilə ABŞ-ın Miçiqan Universiteti arasında imzalanmış memorandum çərçivəsində Müasir geodinamika və kosmik geodeziya şöbəsi və Miçiqan Universitetinin Yer və ətraf mühit elmləri şöbəsinin əməkdaşları birgə elmi layihələr həyata keçiriblər.

O, iclas iştirakçılarına beynəlxalq laboratoriyalar, qrant layihəsi çərçivəsində elmi tədqiqatlar, yeni qrant layihələrinin hazırlanması istiqamətində görülmüş işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, hesabat ilində AMEA – TÜBİTAK müsabiqəsində iştirak etmək üçün təqdim edilmiş 2 layihə ekspertiza mərhələsindədir.

İnstitutun alimləri xarici nəşriyyatlarda 53 elmi məqalə cap etdiriblər ki, onlardan 32 məqalə impakt faktorlu jurnallarda dərc olunub. 19 məqalə isə “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda yer alıb.

Məruzəçi GGİ-nin elektron resursları və nəşriyyat fəaliyyəti sahəsində qazanılan uğurlar barədə məlumat verərək bildirib ki, hesabat ilində Yer Elmləri Bölməsinin “Xəbərlər” və “Neftli-qazlı hövzələrin stratiqrafiya və sedimentologiyası” jurnallarının növbəti nömrələri çapdan çıxıb.

D.Hüseynov hesabat ilində AMEA-nın, SOCAR, BP və TOTAL neft şirkətlərinin dəstəyi ilə gənc alim və mütəxəssislərin Geologiya və Geofizika İnstitutunun 80 illiyinə həsr olunmuş “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyalarının rolu” mövzusunda ənənəvi VII Beynəlxalq konfransının keçirildiyini də diqqətə çatdırıb.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Mükzakirələrdə akademiklər İbrahim QuliyevVasif BabazadəArif İsmayılzadə, Hətəm Quliyev, Pərviz Məmmədov, AMEA-nın müxbir üzvü Tulparxan Salvatov, professor Hikmət Mahmudov və digərləri iştirak ediblər.

Sonda çıxış edən akademik Akif Əlizadə müasir dövrdə institut alimlərinin qarşısında duran yeni vəzifələr, elmi tədqiqatlar aparılarkən qabaqcıl texnologiyalardan bəhrələnməyin üstünlükləri və digər məsələlərdən danışıb. Alim rəhbəri olduğu müəssisənin kollektivini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.