Şəki Regional Elmi Mərkəzində 2018-ci ilin yekunları müzakirə olunub 27.12.2018 11:16 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbiri ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. Bildirib ki, iclasda ŞREM-in 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti, mərkəzin saytının monitorinqi, qurumun əməkdaşlarının akademiyanın müvafiq institutlarında “Elmlər doktoru proqramı” üzrə doktoranturalara qəbulu və “Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında” AMEA Rəyasət Heyətinin qərarı ilə bağlı müzakirələr aparılacaq.

AMEA-nın müvafiq institutlarında “Elmlər doktoru proqramı” üzrə doktoranturalara qəbulla bağlı danışan Y.Şükürlü prosesin icrası ilə bağlı vacib şərtləri diqqətə çatdırıb.

Sonra ŞREM-in elmi katibi, riyaziyyat üzrə fəlsəfə  doktoru Vüqar Abdurahmanov mərkəzin cari ildəki hesabatını təqdim edib.

İclasda mərkəzin saytının monitorinqi barədə məlumat verən professor Firədun İbrahimov veb resursun mütəmadi yenilənməsinin əhəmiyyətindən danışıb, bu məsələdə birgə fəaliyyətin önəminə toxunub. Həmçinin ŞREM-in gənc alimlər şurasının sədri Rahim Həsənov “Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında” AMEA Rəyasət Heyətinin qərarı barədə iştirakçıları məlumatlandırıb.

Sonda cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.