Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim edilib 26.12.2018 15:57 / KONFRANSLAR, İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclası keçirilib.

Əvvəlcə bölmənin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verib. O, iclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan institutların cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirib.

Fizika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, car ildə institut əməkdaşları tərəfindən kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki əsasları və texnikası, energetikanın fiziki-texniki problemləri və nüvə fizikası istiqamətlərində 3 mövzu üzrə 39 elmi-tədqiqat işi aparılıb. Nüfuzlu jurnallarda 399, o cümlədən yüksək impakt faktorlu jurnallarda 195 məqalə, beynəlxalq və respublika səviyyəli konfranslarda 227 tezis çap olunub, institut əməkdaşlarının məqalələrinə 7053 istinad qeydə alınıb.

Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov cari ildə rəhbərlik etdiyi qurumda mühüm elmi-tədqiqat və elmi-təşkilati tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, hesabat ili ərzində institut əməkdaşlarının bütövlükdə 368 elmi əsəri – 152-si xaricdə olmaqla 207 məqalə, 58-i xaricdə olmaqla 150 tezis, 16 elmi populyar nəşr, həmçinin monoqrafiya və dərs vəsaiti işıq üzü görüb. Məqalələrdən 76-si “Thomson Reuters”, 34-ü “Scopus” beynəlxalq elmi bazalarının impakt faktorlu jurnallarında çap edilib. M.Mərdanov qeyd edib ki, 2018-ci ildə institutda 6 elmlər və 14 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

Daha sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun cari il üzrə hesabatını qurumun direktoru, akademik Fikrət Əliyev təqdim edib. İnstitutda mürəkkəb diferensial tənliklərlə təsvir olunan sistemlərin idarəetmə və optimallaşdırma məsələləri, qeyri-xətti tənliklərlə təsvir olunan texnoloji, iqtisadi proseslərin modelləşdirilməsi və fizika, geofizika, texnika və elmin digər sahələrinə tərs məsələlərin tətbiqi istiqamətlərində tədqiqatların aparıldığını deyən alim tədqiqatların nəticəsi olaraq 49-u xaricdə olmaqla, 62 məqalənin nəşr olunduğunu vurğulayıb.

F.Əliyev, həmçinin cari ildə institutun təşkilatçılığı ilə dünyanın 30 ölkəsindən 200-dən artıq alimin iştirak etdiyi “Control and Optimization with Industrial Applications (COIA-2018)” VI beynəlxalq konfransın və digər konfransların keçirildiyini diqqətə çatdırıb.

İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən institutun direktoru, akademik Telman Əliyev bildirib ki, cari ildə institutda 17 mövzu üzrə 9 elmi tədqiqat işi başa çatdırılıb. Hesabat ilində 1 elmlər və 7 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

T.Əliyev qeyd edib ki, 2018-сi ildə institut əməkdaşları tərəfindən 375 elmi əsərin 156-sı xaricdə, 68-i impakt faktorlu jurnallarda çap olunub, onlara 194 istinad edilib. Alimin sözlərinə görə, institut “Web of Science” bazasında dərc olunan elmi əsərlərə görə AMEA üzrə 3-cü yerə layiq görülüb.

Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov institutun illik hesabatı ilə bağlı çıxış edərək bildirib ki, 2018-ci ildə 4 problem üzrə 12 mövzuya uyğun 24 elmi-tədqiqat işi yerinə yetirilib. O, həmçinin RPİ-nin əməkdaşları tərəfindən Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda aparılan elmi tədqiqatlar barədə məlumat verib, institutda fəaliyyət göstərən Beynəlxalq Nüvə Məlumatlar Mərkəzinin öz işini uğurla davam etdirdiyini söyləyib. 

O.Səmədov RPİ-də 2 fəlsəfə və 2 elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərinin müdafiə edildiyini bildirib.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qurumun illik hesabatını təqdim edərək, cari ildə əldə olunmuş elmi nailiyyətləri və praktiki astrofizika sahəsində görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, institutda ümumilikdə 44 kitab, monoqrafiya və məqalə işıq üzü görüb, impakt faktorlu jurnallarda 2 məqalə dərc olunub, elmi işçilərin məqalələrinə 84 istinad qeydə alınıb.

N.Cəlilov rəhbərlik etdiyi qurumun “Web of Science Azerbaijan – 2018”in təsis etdiyi “Ən məhsuldar regional universitet və elmi-tədqiqat institutu” nominasiyası üzrə mükafata layiq görüldüyünü də diqqətə çatdırıb.

Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək cari ildə institutda aparılmış elmi tədqiqatlar, həyata keçirilmiş layihələr barədə məlumat verib. Alim bildirib ki, institutun əməkdaşları tərəfindən xarici jurnallarda 2-i yüksək impakt faktorlu jurnallarda olmaqla 7 məqalə və 3 tezis çap edilib, 4 beynəlxalq və 2 ölkədaxili birgə qrant layihələri üzrə tədqiqat işləri aparılıb.

İnstitutda aparılan mühüm elmi nəticələri diqqətə çatdıran O.Qasımov EPR spektroskopiya metodunun köməyi ilə ultrabənövşəyi şüaların təsiri altında yaranan sərbəst radikalların rekombinasiyası fibroin zülalının quru və hidrasiya olunmuş halında tədqiqi ilə zülalın müxtəlif dinamik modlarının müəyyən edildiyini vurğulayıb.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə 2018-ci ildə əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırıb. Alim Big Data və Data mining, bulud texnologiyaları, informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, elektron tibb, proqram mühəndisliyi, kiber-fiziki sistemlər, linqvistik informatika, e-demoqrafiya və digər istiqamətlərdə araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə edildiyini bildirib.

Qeyd edib ki, hesabat ili ərzində institut əməkdaşları tərəfindən 99 məqalə, 4 kitab və 2 ekspress-informasiya nəşr olunub, beynəlxalq və respublika səviyyəli konfranslarda 114 məruzə ilə iştirak edilib. Cari il üzrə nəşr olunmuş 213 elmi əsərdən 80-i nüfuzlu bazalara daxil olub.

R.Əliquliyev, həmçinin 2018-ci ildə institutda həyata keçirilən elmi-təşkilati və elmi-innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, beynəlxalq layihələr, ali təhsil müəssisələri ilə əməkdaşlıq və digər istiqamətdə görülən işlər barədə də məlumat verib.

Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.