AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub 07.12.2018 10:14 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, professor Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçirilib.

Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Sessiyanı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq T.Salahovun Azərbaycan təsviri sənətinin dünyada tanınmış ən görkəmli nümayəndələrindən biri olduğunu deyib. Qeyd edib ki, rəssamın yaradıcılığında azərbaycançılıq motivi, mənsub olduğu xalqın zəngin mənəviyyatı, keşməkeşli taleyi geniş yer tutur.

Alim Tahir Salahovun əsərlərində qara, qırmızı və ağ rənglərin üstünlük təşkil etdiyini, onun istifadə etdiyi rənglərin tündlüyünə, rəsmlərindəki mövzuların gərginliyinə, SSRİ cəmiyyətinin sərt üzünü göstərdiyinə görə "sərt realizm" cərəyanının yaradıcısı kimi qəbul edildiyini diqqətə çatdırıb.

T.Salahovun tez-tez Xəzər nefti, neftçi və fəhlə mövzularına toxunduğunu deyən İ.Həbibbəyli rəssamın "Səhər eşelonu”, "Neftçi”, "Təmirçilər”, "Yeni dəniz" və s. əsərlərinin bunu sübut etdiyini vurğulayıb. Bildirib ki, Xalq rəssamı ötən əsrin 60-80-ci illərində əsərlərində nöqtə boyda qırmızı rəngdən istifadə etməklə Azərbaycanın sərvətlərinin talan edildiyini sətiraltı əks etdirib. Bundan əlavə, sovet cəmiyyətindəki mənfi halların, nöqsanların, milli azadlıq və müstəqillik düşüncələrinin onun əsərlərində yer aldığını deyib.

Akademik dünya miqyasında böyük şöhrət qazanmış Tahir Salahovun əsərlərinin Rusiya, Fransa, İspaniya, İtaliya, Çexiya, Finlandiya, Yaponiya və digər ölkələrdə sərgiləndiyini bildirib.

O, Azərbaycan rəssamlıq sənətinin inkişafına misilsiz töhfələr vermiş T.Salahovun yaradıcılığının ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, "İstiqlal", "Heydər Əliyev" və 1-ci dərəcəli "Əmək" ordenlərinə layiq görüldüyünü söyləyib.

Akademik daha sonra T.Salahova hədiyyələr təqdim edib.

Sessiyada Azərbaycan Rəssamlıq Akademiyasının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək Tahir Salahovun böyük fenomen şəxsiyyət olduğunu deyib. Bildirib ki, respublikanın gənc rəssamlarının yaradıcılığının formalaşması, peşəkarlaşması və dünya miqyasına çıxmasında T.Salahovun misilsiz xidmətləri var.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin "Sənətçinin əsərlərində Roman mədəniyyətinin təzahürü", həmin müəssisənin direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun "Tahir Salahovun yaradıcılığında Rusiya mövzusu" və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzənin "Tahir Salahov: rəssam və zaman" mövzusunda məruzələri dinlənilib.

Sonra Xalq rəssamı Tahir Salahov çıxış edərək Azərbaycan təsviri sənətinin çoxəsrlik tarixi olduğunu söyləyib. Bildirib ki, ötən əsrdə yaşamış Səttar Bəhlulzadə,  Qəzənfər Xalıqov, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə və digərləri yaratdıqları misilsiz əsərlərlə ölkəmizin keçmiş SSRİ-də, o cümlədən dünyada tanınmasında mühüm işlər görüblər.

T.Salahov həyatının müəyyən dövrünün akademiyadan keçdiyini, daima onun fəaliyyətinə burada yüksək qiymət verildiyini, cari ildə AMEA-nın akademik Üzeyir Hacibəyli adına mükafatı ilə təltif olunduğunu xatırladıb, tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.