“Web of Science Azerbaijan-2018” mükafatları alimlərə təqdim edilib 06.12.2018 09:45 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə çıxış edən Ceyhun Bayramov son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın elmin inkişafına daha da təkan verəcəyini, ali təhsilin digər komponentləri ilə yanaşı, universitetlərin elmi fəaliyyətinin modernləşdirilməsi baxımından müstəsna rol oynayacağını vurğulayıb.

Nazir dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qərar qəbul edildiyini bildirib. Həmçinin Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planının, ölkəmizin “Web of Science®” bazasında cari durumuna dair şirkət tərəfindən ildə iki dəfə əhatəli hesabatın hazırlanmasını təklif edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev “Clarivate Analytics” ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb. Azərbaycanda elm və təhsilin inkişafına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini qeyd edən E.Babayev bu sahədə müvafiq sərəncam və fərmanların imzalandığını xatırladıb, ölkəmizə müasir texnologiyaların gətirildiyini və kadr hazırlığına böyük önəm verildiyini söyləyib. 

“Web of Science Azerbaijan-2018” mükafatları barədə məlumat verən icraçı direktor buraya yeni nominasiyaların daxil edildiyini də söyləyib.

“Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanda əldə olunan elmi nəticələrin dünyada tanıdılmasının vacibliyindən danışıblar.

Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirilib.

Sonra Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. 

Daha sonra “Web of Science Azerbaijan-2018” mükafatları müxtəlif kateqoriya və nominasiyalar üzrə azərbaycanlı alimlərə təqdim edilib.

Tədbirdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu “Publication leader in Web of Science, ANAS”, Riyaziyyat və Mexanika İnstitutun Əsərləri jurnalı “New Journals İndexed in ESCİ of Web of Science Core Collection”,  bu müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev isə “The most productive authors in Natural Sciences" mükafatlarına layiq görülüblər.

Bundan başqa, AMEA Fizika İnstitutu elmi-tədqiqat institutları arasında “Web of Science” elmi bazasının əsas nəşr lideri nominasiyası, həmin institutun Kristalloqrafiya laboratoriyasının böyük elmi işçisi Ziya Əliyev və Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilzadə  isə təbiət elmləri üzrə ən məhsuldar müəlliflər nominasiyası üzrə mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.