Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi anılıb 05.12.2018 16:29 / KONFRANSLAR, İCLASLAR

AMEA Hüseyn Cavid Ev Muzeyində görkəmli dramaturq, böyük şair və filosof Hüseyn Cavidin vəfatının 77-ci ildönümü münasibətilə anma mərasimi keçirilib.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı böyük şairin yaradıcılığından, zəngin ədəbi irsindən, bəşəri ideyalarından, keçdiyi əzablı yollardan danışıb. O, həyatı çətinliklərlə dolu olmuş H.Cavidin zəngin yaradıcılıq irsinin gələcək nəsillər üçün qiymətli mənbə olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, H.Cavid 1941-ci ildə 59 yaşında vəfat etməsinə baxmayaraq, onun ailəsinə ölümü haqqında şəhadətnamə yalnız 7 il sonar, 1948-ci il mart ayının 31-də gəlib çatıb.

Tədbirdə amansız repressiya qurbanı olan Cavidlər ailəsinin haqqının özünə qaytarılmasında böyük əməyi və səyi olan ulu öndər Heydər Əliyevin köməyindən, böyük sənətkarımızın xatirəsinə diqqət və ehtiramından, Prezident İlham Əliyevin Cavid irsinin təbliğ olunmasında xidmətlərindən bəhs olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin tələbələri Hüseyn Cavidin əsərlərindən parçalar səsləndiriblər.

Sonda iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.