AMEA YT Parkın rezidenti olan “Azmonbat” şirkəti “Bakutel 2018” sərgisində təmsil olunur 05.12.2018 16:05 / KONFRANSLAR, İCLASLAR

4 dekabr 2018-ci il tarixdə Bakı şəhərində “Bakutel 2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı öz işinə başlayıb. “Yüksək texnologiyalar həftəsi” çərçivəsində baş tutan ənənəvi “Bakutel” sərgisi müxtəlif İKT sahələrini təmsil edən mütəxəssis və peşəkarları bir araya gətirən, iqtisadi və sosial rifahı təmin etməkdə mühüm rol oynayan bütün fəaliyyət sahələri üçün geniş imkanlar və son inkişafları təklif edən, eləcə də əhalinin həyat səviyyəsinin artırılması üçün unikal bir platformadır.

Dekabrın 7-dək davam edəcək “Bakutel 2018” bu il dünyanın 20 ölkəsini təmsil edən 230 şirkəti birləşdirməklə, əhatə etdiyi sərgi sahəsi üzrə 25% artım nümayiş etdirir. İstifadəçilərə aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribyutorları və gənc layihəçilər tərəfindən real həll variantları və texnologiyalar təqdim edilir.

Bu il sərginin debütantları tədbir iştirakçılarının ümumi sayının 30%-ni təşkil edir. Debütantlar arasında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Azərbaycan – Bolqarıstan sərmayəli “Azmonbat” şirkəti də yer alıb. Hərbi və mülki təyinatlı akkumulyatorların istehsalını həyata keçirən “Azmonbat” sərgidə innovativ məhsullarından ibarət stendini nümayiş etdirib.

Qeyd edək ki, AMEA YT Park yarandığı gündən etibarən Azərbaycanda elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirmiş, yenilikçi bizneslərin yaradılması istiqamətində daim özəl sektor və biznes şəbəkələri ilə əməkdaşlıq etmişdir.

“Elm və Biznesin qovuşduğu məkan” devizi ilə Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT Park, həm innovativ biznes ideyası olan gənc startapçılar, həm də yüksək texnoloji məhsulların istehsalını həyata keçirən biznes ictimaiyyəti ilə birgə layihələrdə iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.