Akademik Rasim Əliquliyev “Dəniz nəqliyyatında innovativ texnologiyalar” mövzusunda XI Beynəlxalq elmi-texniki konfransda çıxış edib 06.05.2016 14:17 / KONFRANSLAR, İCLASLAR

Mayın 5-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatında innovativ texnologiyalar” mövzusunda XI Beynəlxalq elmi-texniki konfrans öz işinə başladı.

Konfransda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC), ADDA və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəhbərliyi, ölkəmizin bir çox elmi-tədqiqat müəssisələri və ali məktəblərinin alim və mütəxəssisləri ilə yanaşı, ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Belarus alimləri də iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu. 

Tədbiri giriş nitqi ilə açan ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Faiq Nağıyev “Azərbaycan Dövlət Dəniz Akademiyasının bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış etdi. Akademiyanın yaranma tarixi haqqında məlumat verən F.Nağıyev 1921-ci ildə Bakı su nəqliyyatı texnikumunun yaradıldığını, 1924-cü ildə bu texnikumun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tabeliyinə verildiyini diqqətə çatdırdı: “1944-cü ilin mart ayından Bakı dənizçilik texnikumu Bakı Dəniz yolları məktəbi adlandırıldı. Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən, Bakı Dəniz yolları məktəbinin bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 1996-cı il qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Bu akademiya Azərbaycan təhsilinin yeni bir istiqaməti olaraq ixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəb olmuşdur”.

Bu il ADDA-nın 20 illiyinin qeyd olunacağını diqqətə çatdıran alim bildirdi ki, akademiyanın 2015-2020-ci illər üçün İnkişaf Strategiyası hazırlanmış, strategiyanın hədəfləri müəyyənləşdirilmişdir: “Akademiyada müəllimlər üçün ən yeni texnologiyalara əsaslanan infrastrukturun yaradılması, yüksək səviyyəli tədrisin həyata keçirilir, kadr hazırlığı, təhsil infrastrukturu və idarəetmə sisteminin beynəlxalq təcrübəyə və akademiyanın İnkişaf Strategiyasına uyğunlaşdırılması, dənizçilik elmində rast gəlinən elmi problemlər, elmi və texniki tədqiqatların prioritet istiqamətlərinin həlli İnkişaf Strategiyasının əsas hədəflərindəndir”.

O, həmçinin qeyd etdi ki, akademiyada bütün tədris istiqamətləri üzrə təhsilin idarə olunması, məlumat bazasının və müəllimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə yeni sistemin yaradılması, kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarının istifadəyə verilməsi perspektivdə nəzərdə tutulan işlər sırasındadır.

Bildirdi ki, akademiyanın Təlim-tədris Mərkəzində tədris olunan 34 təlim kursundan 10-u ABŞ-ın tədris müəssisələri və təlim kursları sertifikatlaşması üzrə standartlara uyğun təsdiqlənib.

“Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi əməkdaşlıq perspektivləri” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətinin yüksək qiymətləndirildiyini, bu qurumun Azərbaycan iqtisadiyyatında böyük rola malik olduğunu bildirdi. Qurumun geosiyasi və geoiqtisadi məkanda rolunun artdığını söyləyən akademik ölkə rəhbərliyinin də bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini önə çəkdi. Alimin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin gəmiçiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, su nəqliyyatının inkişafının sürətləndirilməsi və rəqabətədavamlı dəniz nəqliyyatı xidmətləri göstərilməsini təmin etmək məqsədilə təsdiq etdiyi “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı” bu sahəyə olan diqqətin göstəricisidir.

R.Əliquliyevin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası ölkə səviyyəsində bütün elmi qurumların fəaliyyətini koordinasiya edən bir qurum kimi, Azərbaycan Dövlət Dəniz Akademiyasında da aparılan elmi araşdırmaları yüksək qiymətləndirir. Bu kimi konfransların keçirilməsi bu sahə üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Akademik ölkə Prezidenti tərəfindən Azərbaycan elmi qarşısında böyük vəzifələr qoyulduğunu söyləyərək ölkədə yüksək texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət ayrıldığını, biliklər cəmiyyətinin formalaşdırılması istiqamətində ciddi tədbirlər görüldüyünü önə çəkdi.

“AMEA elmin ölkə səviyyəsində səmərəliliyinin artırılması, eyni zamanda onun tətbiq sahələrinin genişləndirilməsinə böyük önəm verir və ölkənin bütün elmi qurumları ilə səmərəli elmi münasibətlər qurmağı vacib məsələlərdən hesab edir”, – deyə bildirən akademik “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də bu kimi qurumlardan olduğunu nəzərə çatdırdı. Bu məqsədlə akademiyada fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qurumu ilə birgə elm və təhsilin inteqrasiyası, elmi-nəzəri tədqiqatların aparılması, Xəzər dənizinin problemlərinin araşdırılması istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasının bu kimi problemlərin həlli baxımından böyük səmərə verəcəyinə əminliyini ifadə etdi.

Alim, həmçinin ötən ildən başlayaraq AMEA-da magistratura pilləsi üzrə təhsilin aparıldığını diqqətə çatdırdı, burada gənc tədqiqatçılar nəslinin yetişdirildiyini qeyd etdi. Bildirdi ki, innovativ biliklərin təhsildə tətbiqi, gənclərin biliklərinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edən AMEA-nın elmi müəssisələrinin baza kafedraları müxtəlif ali təhsil müəssisələri, o cümlədən Azərbaycan Dövlət Dəniz Akademiyasının professor-müəllim heyəti və tələbələrinin də ixtiyarına verilə bilər.

ADDA-nın “İctimai fənlər və dillər” kafedrasının müdiri, dosent İlqar Abdullayev “Heydər Əliyev Azərbaycan multikulturalizminin konseptual yaradıcısıdır” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan xalqının tarixində xüsusi yer tutan görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı.

“Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir”,– deyə bildirən məruzəçi multikultural nəzəriyyənin əsasında Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının dayandığını bildirdi. Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan etdiyini vurğulayan İ.Abdullayev Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən siyasi kursunun davamlı və ardıcıl olduğunu önə çəkdi: “Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan dünyada təkcə neft, qaz deyil, həm də multikultural dəyərlər ixrac edən ölkə kimi tanınır. Ölkəmizdəki tolerant və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların birləşməsinə böyük təkan verib”.

Sonda çıxış edən ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov iki gün davam edəcək konfransın 5 seksiya – “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə təbiət elmləri problemləri” və “Gəmiçilikdə humanitar və dilçilik problemləri” üzrə işini davam etdirəcəyini diqqətə çatdırdı, konfransın işinə uğurlar arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.