“Qarabağ əfsanələri”nin təqdimatı olub 22.04.2016 10:18 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi ilə Akademiyanın Folklor İnstitutunun birgə layihəsi olan “Qarabağ əfsanələri” adlı təbliğat xarakterli nəşrin təqdimat mərasimi keçirilib.

Tədbirdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov Qarabağdan olan, didərgin həyatı yaşayan soydaşlarımızın bu bölgənin zəngin folklor mühiti, onun yaşam tərzi, tarixi, etnoqrafiyasını əks etdirən hekayət və nağılları əsasında dərc edilən nəşrin əhəmiyyətindən danışıb.

M.İmanov Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əlaqələrindən də danışaraq, birgə əməkdaşlıq çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində bir sıra tədbirlərin keçirildiyini qeyd edib.

Daha sonra çıxış edən Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ermənilərin milli-mədəniyyət nümunələrimizin mənimsənilməsi siyasətinin qarşısının alınmasına xidmət edən ilk buraxılışın Azərbaycan xalqının tarixi keçmişinə aid olduğunu bildirib.

Nəşrin müəllifi, institutun şöbə müdiri İlkin Rüstəmzadə materialları folklor ezamiyyətləri zamanı topladığını, Qarabağın hər bir qarışında azərbaycanlıların izi olduğunu vurğulayıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı nəşrin əhəmiyyətindən danışıb və xarici dillərə tərcümə edilərək yayılmasının vacibliyini bildirib.

Tədbir çərçivəsində Elmi-Metodiki Mərkəz ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sonda akademik N.Vəlixanlı, AMEA-nın müxbir üzvü Muxtar İmanov, nəşrin müəllifi İlkin Rüstəmzadə və rəssamı İlqar Mehdiyevə Elmi-Metodiki Mərkəzin fəxri diplomları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.