Mühazirələrin beynəlxalq tələblərə uyğunlaşdırılması tədrisin keyfiyyətinin yüksəldilməsi üçün mühüm şərtlərdəndir 11.04.2016 14:23 / KONFRANSLAR, İCLASLAR

Müasir dövrdə Avropanın elm və təhsil mühitinə inteqrasiya edən Azərbaycanın təhsil sisteminin qarşısında duran ən başlıca vəzifə yeni tədris mexanizmlərinin işlənilməsi, bu sahənin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi, tədris prosesində yeni elmi-metodiki nailiyyətlərin tətbiq edilməsidir. Bu baxımdan peşəkar kadr hazırlığı siyasətinin həyata keçirilməsi üçün informatika fənninin tədrisi vacibdir.

Bu haqda AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutda keçirilən müşavirədə çıxışı zamanı bildirib.

R.Əliquliyev AR Ali Attestasiya Komissiyasının qərarına əsasən, respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulunun 2003-cü ildən başlayaraq mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda uğurla həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantların İKT üzrə zəruri biliklərə yiyələnməsi məqsədilə yeni texnologiyalar əsasında formalaşan innovativ mühit yaradılmışdır.

“İKT-nin dinamik inkişafı ilə əlaqədar olaraq mərkəzdə tədris olunan mühazirələrin daha da təkmilləşdirilməsinə ehtiyac duyulur. Bunun üçün müvafiq elm sahəsinin müasir vəziyyəti araşdırılmalı, dünya təcrübəsi öyrənilməli, əldə olunmuş biliklər mühazirələrdə öz əksini tapmalıdır. Mühazirələrin beynəlxalq tələblərə uyğunlaşdırılması tədrisin keyfiyyətinin yüksəldilməsi üçün mühüm şərtlərdəndir” – deyə akademik bildirib.

Sonra Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova mərkəzdə doktorant və dissertantlara tədris olunan informatika fənni üzrə mühazirələrin məzmunu və tərtibatına dair tələblər haqqında çıxış edib. Bildirib ki, mühazirələrin elm sahəsinin müasir vəziyyətinə uyğunluğu və anlaşıqlı olması vacibdir. Mühazirələrdə nüfuzlu mənbələrə istinad olunmalı, istifadə edilən yeni termin və anlayışlar izah edilməli, nəzəriyyənin təcrübə ilə bağlılığı prinsipi reallaşdırılmalıdır.

R.Mahmudova, həmçinin tədris olunmuş biliklərin möhkəmləndirilməsi üçün sualların tərtib olunacağını, mühazirələrin vahid formatda sistemləşdiriləcəyini qeyd edib.

Sonra geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

R.Əliquliyev təkliflər nəzərə alınmaqla, mühazirələrin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin davam etdirilməsini tövsiyə edib, müvafiq tapşırıqlar verib. Alim növbəti mərhələdə Elm informatikası fənninin yenidən tərtib olunmuş proqramının müzakirəsinin nəzərdə tutulduğunu qeyd edib. Proqrama biliklər iqtisadiyyatı, antiplagiat texnologiyaları, Big Data və digər sahələr üzrə mühazirələrin əlavə ediləcəyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.