“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib 30.12.2015 12:53 / KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyətində hazırlanması nəzərdə tutulan “Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq 2015-ci ildə Akademiya həyatında yaddaqalan hadisələrdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində iştirakını ölkənin elmi həyatında ən mühüm hadisə, alimlər qarşısında etdiyi dərin məzmunlu nitqini isə ictimai fikir hadisəsi kimi səciyyələndirib. Akademiyanın fəaliyyətini yüksək qiymətləndirmiş ölkə Prezidentinin proqram xarakterli nitqində irəli sürülən yeni elmi istiqamətlərdən danışan akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən Azərbaycan elminin bütün sahələri ilə yanaşı, humanitar və ictimai elmlər qarşısında da həlli vacib vəzifələrin qoyulduğunu bildirib. Bu məsələlərdən biri kimi növbəti ildə müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə hazırlanacaq “Müstəqillik yollarında” kitabının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli müəlliflər heyətinin qarşısında duran vəzifələrdən danışıb. Qeyd olunub ki, “Müstəqil Azərbaycan dövlətinin müqəddəratı: itirilmə təhlükəsindən – sabitliyə, quruculuğa və inkişafa”, “Azərbaycan Respublikası müasirləşmə və modernləşmə yollarında (2003-2016)” və “Mənəvi mühitin müasir siması” fəsillərini əhatə edəcək kitabda Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda fəaliyyəti, o cümlədən Azərbaycanda dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin tarixi-siyasi əsasları, müstəqil dövlətçiliyin siyasi-ideoloji əsaslarının formalaşdırılması prosesləri, hüquqi-demokratik dövlət quruculuğunun möhkəmləndirilməsi məsələləri geniş yer tutacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların inkişafı, demokrafik proseslərdə dəyişmələr, multikulturalizm və tolerantlıq və digər sahələrdə başlanmış yeniləşmələr və əldə olunan mühüm nəticələr də “Müstəqillik yollarında” kitabında öz əksini tapacaqdır.

Akademik İsa Həbibbəyli “Müstəqillik yolarında” kitabında Azərbaycan dövlətinin xarici siyasətinin uğurları və perspektivləri, eləcə də yeni mərhələdə elm və təhsil məsələləri, milli mədəniyyətin inkişafı, Olimpiya hərəkatı kimi istiqamətlərdə də icmal xarakterli elmi məqalələrin yazılmasının məqsədəuyğun olduğunu nəzərə çatdırıb. Yeni kitabın müstəqilliyimizin yubileyinə dəyərli töhfə olacağına əminliyini vurğulayan akademik İsa Həbibbəyli görüləcək işlərlə bağlı müəlliflər heyətinə tövsiyələrini bildirib.

Kitabın ilkin layihəsi üzrə geniş müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib. Akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Şahbaz Muradov, Əli Nuriyev, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov təqdim olunan layihəyə münasibət bildirərək kitabın strukturu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər.

Azərbaycan Milli Elmlər Akademiyasında hazırlanmasına başlanan “Müstəqillik yolarında” kitabında ciddi elmi araşdırmalarla yanaşı, sxemlər və cədvəllərə, şəkillərə və xəritələrə də münasib yer ayrılacaqdır.

Yeni nəşrin 2016-cı ilin aprel ayınadək ilkin müzakirəyə təqdim edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir