Akademik Dilqəm Tağıyevin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda çap edilib 28.09.2020 16:30 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin xarici həmkarları ilə birlikdə növbəti “Çoxnüvəli Zn(II)- arilhidrozon kompleksləri aldehidlərin sianosililləşməsi üçün katalizatorlar kimi” məqaləsi impakt faktoru 2.304 olan jurnalda dərc edilib.

“Journal of Organometallic Chemistry” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Jurnal dünyaca məşhur “Springer Nature” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 2.304-dür.

Məqalədə ZnCl2 və ya Zn(CH3COO)2 duzlarına metanol mühitində müvafiq üzvi liqantlarla təsir etməklə çoxnüvəli üç Zn(II)- arilhidrozon komplekslərinin sintezi və katalitik xüsusiyyətləri haqqında nəticələr verilib. Alınmış kompleks birləşmələr müxtəlif alifatik və aromatik aldehidlərin üçmetilsilisianidlə sianosilləşmə reaksiyasında katalizator kimi sınaqdan keçirilib və göstərilib ki, sianohidrinin 3-metil silisil efiri bu katalizatorların iştirakı ilə otaq temperaturunda və metanol mühitində yüksək çıxımla alınır (72-98 %).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.