AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Elmi-təşkilat və monitorinq şöbəsinin müdiri İlyas Həmid oğlu Nuriyev vəfat edib 27.09.2020 19:44 / KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Elmi-təşkilat və monitorinq şöbəsinin müdiri İlyas Həmid oğlu Nuriyev vəfat edib.

İlyas Nuriyev 1962-ci il iyulun 19-da Saatlı rayonunda anadan olub. O, 1985-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin Radiofizika fakültəsini bitirib. 1985-1992-ci illərdə təyinatla “Azon” zavodunda mühəndis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında baş mütəxəssis, 2006-2007-ci illərdə Azərbaycan Texniki Universitetində aparıcı mühəndis vəzifələrində çalışıb.

2007-ci ildən isə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsində işləyirdi.

İlyas Nuriyev AMEA Rəyasət Heyəti aparatında işlədiyi müddətdə özünü təcrübəli bir kadr kimi göstərmiş, qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmiş, verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirirdi. O, özünün səmimiliyi, diqqət və qayğıkeşliyi ilə kollektivin bütün üzvlərinin rəğbətini qazanmışdı.

Allah rəhmət eləsin!