Aşqarlar Kimyası İnstitutunda “Bilik Günü” qeyd edilib 15.09.2020 17:04 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 15 sentyabr - Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbiri institutun direktoru, akademik Vaqif Fərzəliyev açaraq yeni dərs ilinin pandemiya dövrünə təsadüf etdiyini, tədrisin onlayn rejimdə təşkil olunacağını söyləyib. Bildirib ki, müəssisənin Təhsil şöbəsi tərəfindən dərslərin təşkili üçün bütün zəruri tədbirlər görülüb, kompüterlər müasir proqramlarla təchiz edilib.

V.Fərzəliyev, həmçinin AMEA-da magistr hazırlığının üstünlüklərini diqqətə çatdırıb, akademiyada bu pilləni yüksək səviyyədə başa vuranların növbəti mərhələdə doktoranturada təhsillərini davam etdirə biləcəklərini vurğulayıb: “Bu həm ölkənin, həm də elmi-tədqiqat müəssisəsinin özünün yüksək ixtisaslı kadrlara olan ehtiyacını ödəməsinə kömək edir”.

Akademik qeyd edib ki, AMEA-da magistrantların daha çox praktik hazırlığına önəm verilir: “Təhsilin ilk ilindən magistrantlar laboratoriya cəlb olunur, həm nəzəri biliklərini laboratoriyalarda möhkəmləndirirlər, eyni zamanda öz elmi tədqiqat işlərinin təcrübi hissəsini yerinə yetirirlər. Artıq təhsilin sonunda onlar laboratoriyada müstəqil elmi tədqiqat apara bilən mütəxəssislərə çevrilirlər. Onların elmi məqalələri “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan nüfuzlu jurnallarda dərc olunur”.

İnstitut rəhbəri bildirib ki, magistr hazırlığının kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması üçün müəllimlər tədris etdiyi fənnə aid ixtisaslaşmış dərs vəsaitlərinin, kitabların hazırlanıb çap edilməsinə önəm verməlidirlər.

Sonra Təhsil şöbəsinin müdiri, k.ü.f.d. Sədaqət Şamxalova magistr təhsili hazırlığı ilə bağlı aparılan işlər haqqında məlumat verib, mövcud təlimat və qaydalara görə, ilk mərhələdə bu prosesdə həm mühazirə, həm də seminar dərslərin onlayn təşkil olunacağını söyləyib: “Oktyabrın 1-dən isə magistrantların elmi tədqiqatlara cəlb olunması və onlara təcrübi vərdişlərin aşılanması üçün dərslərin laboratoriya şəraitində keçirilməsi nəzərdə tutulur”.

Sonda müəssisənin elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev, elmi katib, k.ü.f.d. Mehparə Səfərova və professor Həqiqət Cavadova öz fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.