Respublika Seysmoloji Xidmət Mərkəzində altı ayın yekunlarına həsr olunan videokonfrans keçirilib 30.07.2020 12:09 / KONFRANSLAR, İCLASLAR

İyulun 29-da AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının videokonfransı keçirilib.

Tədbirdə çıxış edən mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, gündəliyə bu ilin birinci yarımilliyində aparılmış elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatların müzakirəsi daxildir. Hazırda dünyada COVID-19 virusu ilə bağlı pandemiya şəraitinin davam etdiyini deyən Q.Yetirmişli Azərbaycanda pandemiya elan ediləndən bu günə qədər mərkəzin fəaliyyətinin Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında davam etdirildiyini bildirib.

Daha sonra RSXM-nın Seysmologiya, Geofizika və Geokimya bölmələri üzrə müvafiq şöbələrinin rəhbərləri tərəfindən son altı ayda aparılmış elmi tədqiqatların nəticəsinə dair hesabatlar təqdim edilib.

“Azərbaycan və ətraf bölgələrdə baş vermiş zəlzələlərin tədqiqi” mövzusunda çıxış edən Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova bildirib ki, bu ilin altı ayı ərzində büro tərəfindən 5303 (uzaq, regional və Azərbaycan) zəlzələ qeydə alınıb. Həmin zəlzələlərdən 2029-u yerli, 2134-ü isə regional zəlzələlər olub. 1140-ı isə uzaq zəlzələlərdir. Büro rəisinin sözlərinə görə, ilin birinci yarısında Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3-dən yuxarı olan (ml>3) 47 zəlzələ qeydə alınıb ki, onlardan da 11-i hiss edilən zəlzələlərdir.

Konfransda Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Zəlzələ ocaqlarının tədqiqi və Beynəlxalq seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti haqqında”, Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin müdiri Zəhra Əliyeva “Mühəndis-seysmoloji tədqiqatlar” mövzusunda məruzələrlə çıxış ediblər.

Geofizika bölməsi üzrə hesabatı baş direktorun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev, Geokimyəvi tədqiqatlar üzrə hesabatı isə Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova təqdim ediblər.

Sonra mərkəzin elmi-istehsalat sahəsi üzrə müvafiq şöbələrin rəhbərləri tərəfindən son altı ayda görülmüş işlərə dair hesabatlar dinlənilib.

Videokonfransda AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov RSXM tərəfindən görülən işləri müsbət qiymətləndirərək, aparılan elmi tədqiqatların genişləndirilməsi üzrə müvafiq təkliflərini verib.

Hesabatların müzakirəsindən sonra şöbələrə qarşıda duran vəzifələr və prioritet istiqamətlər üzrə aparılan tədqiqat işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.