Şamaxı Astrofizika Rəsədxanası GRANDMA beynəlxalq teleskoplar şəbəkəsinə qoşulub 30.06.2020 13:02 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc tədqiqatçıların elmin aktual problemləri ilə məşğul olması, habelə rəsədxananın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və dünya elminə inteqrasiya istiqamətində mühüm işlər görülməkdədir.

Belə ki, müəssisənin Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri, professor Nəriman İsmayılovun rəhbərliyi altında təşkil olunmuş 4 nəfər gənc doktorant və magistrantın iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanası “Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts” (GRANDMA) adlı beynəlxalq teleskoplar şəbəkəsinə qoşulub. Beynəlxalq konsorsium olan GRANDMA 16 müxtəlif ölkəni birləşdirən 25 teleskop spektral və fotometrik müşahidələrlə məşğuldur.

Müşahidələrin məqsədi səmanın geniş bir hissəsində kainatda qravitasiya dalğaları ilə bağlı baş verən tranzient hadisələri qeyd etmək, onların ilkin baş verdiyi qalıq hadisələri optik diapazonda izləməkdir. Belə unikal fiziki hadisələrin müşahidə edilməsi və izlənməsi müasir fizika və astrofizika elmində qravitasiya dalğalarının fizikasını başa düşmək üçün böyük önəm daşıyır.

Hazırda GRANDMA şəbəkəsi çərçivəsində rəsədxananın əməkdaşları İngiltərə Kral Astronomiya Cəmiyyətinin nüfuzlu aylıq elmi jurnalında dərc olunmuş iki kollektiv məqalənin həmmüəllifidirlər. Bu nəşrlərdə ŞAR-ın GRANDMA şəbəkəsinə qoşulmuş 2 m və 60 sm-lik teleskopları, işıq qəbulediciləri və müşahidə imkanları haqqında məlumatlar verilib. Həmin məqalələrdə rəsədxanada T60 teleskopundan alınan unikal təsvirlərdən də istifadə olunub.

Bundan əlavə, rəsədxananın gənc alimləri konsorsiumun İspaniya və Gürcüstanda keçirilən iclaslarında məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.