Azərbaycanlı alimlər beynəlxalq onlayn tədbirdə iştirak ediblər 30.06.2020 11:19 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, yer elmləri doktoru, dosent Qulam Babayev və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov “Ərəbistan-Avrasiya kolliziya zonasının kinematikası və dinamikası” mövzusunda onlayn vebinar-müşavirədə iştirak ediblər.

“ERC-Synergy Bi-Lateral” beynəlxalq proqramı çərçivəsində baş tutan tədbirə, həmçinin ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrdən alimlər qatılıblar.

Onlayn müşavirədə Böyük Britaniyanın Kembric Universitetinin Yer Elmləri Bölməsinin professoru Aleks Kopleyin “Ərəbistan-Avrasiya kolliziya zonasının kinematikası və dinamikası” mövzusunda  təqdimatı müzakirə olunub, təkliflər səsləndirilib. İclasda bildirilib ki, Qafqaz bölgəsinin seysmogeodinamik seqmentləşdirilməsi istiqamətində və seysmik təhlükənin qiymətləndirilməsində həll olunmayan və açıq qalan müxtəlif məsələlər mövcuddur. Həmçinin vurğulanıb ki, onların dərindən araşdırılmasına doğru yönələn məsələlərin həlli yalnız yeni üsulların tətbiqi vasitəsilə beynəlxalq konsorsium çərçivəsində həyata keçirilə bilər.

Sonda bu istiqamətdə mövcud olan metod və yanaşmaların imkanları ətrafında fikir mübadiləsi aparılıb və növbəti onlayn vebinar-müşavirədə ABŞ alimlərinin təqdimatlarının müzakirəsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.