Xəzər dənizinin göy-yaşıl yosunlarının əhəmiyyəti və müxtəlifliyi 30.06.2020 09:48 / KONFRANSLAR, İCLASLAR

Xəzər dənizinin suyu duzluluğuna görə okean sularından (34-36%) təxminən üç dəfə azdır. Buna görə də, bitki aləmi özünəməxsusluğu ilə səciyyələnir. Göy-yaşıl yosunlar (Cyanoprokaryota /Cyanophyta/Cyanobacteria) Xəzər su ekosisteminin ayrılmaz komponentidir və onlar müxtəlif rola malikdir. Bu yosunlar fotosintez prosesində iştirak edən və qlobal ekosistemə böyük təsir edən prokariot orqanizmlərin ən qədim qrupudur.

Bu sözləri AMEA-nın Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Maya Nuriyeva deyib. Alim bildirib ki, göy-yaşıl yosunlar Xəzərdə çöküntü əmələgəlmə prosesində mühüm rol oynayır, neftəbənzər birləşmələr sapropel əmələ gətirir və bu da neftin sələfi ola bilər. Göy-yaşıl yosunların diqqətlə tədqiq edilməsinə və qorunmasına ehtiyac olduğunu deyən M.Nuriyev sözügedən bitkilərin, həmçinin praktiki zərər vura biləcəyini də söyləyib.

“Cyanoprokaryota açıq dənizdə hidrotexniki qurğularda – neft platformaları, metal dirəklər və digər yerlərdə inkişaf etməklə metalların korroziyasına səbəb olur ki, bu da öz növbəsində konstruksiyanın dağılmasına gətirib çıxarır. Göy-yaşıl yosunların dənizdə suyun “çiçəklənməsi”  zamanı törətdiyi zərər balıqların tələf olması ilə nəticələnir. Suyun “çiçəklənməsinə” səbəb olan növlər Xəzər dənizinin əsasən şimal hissəsində geniş yayılıb”, - deyə alim diqqətə çatdırıb.

O, Xəzər dənizinin Azərbaycan hissəsində potensial toksiki növlərlə yanaşı, faydalı növlərə, yəni Arthrospira platensisə ( sin. Spirulina platensis) də rast gəlindiyini vurğulayıb. Spirulinanın qida üçün unikal ərzaq olduğunu xatırladan tədqiqatçı alim bildirib ki, sözügedən növün tərkibi vitaminlər, aminturşuları, polidoymamış yağ turşuları, antioksidantlar, makro və mikroelementlərlə zəngindir. M.Nuriyeva Spirulinanın maddələr mübadiləsini normallaşdırdığını və hazırda bir çox ölkədə kütləvi becərildiyini söyləyib.

Alim sonda göy-yaşıl yosunların təbii ekosistemlərin ayrılmaz tərkib hissəsi kimi planetimizdə təbiətin inkişafında vacib rol oynadığını və dərindən öyrənilərək mühafizəsinə ehtiyac olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.