Kimyaçı magistrantlar dissertasiya işlərini uğurla müdafiə ediblər 30.06.2020 09:28 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Polimer Materiallarıakad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya institutlarının magistr dissertasiya işlərinin müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi şurasının onlayn iclası keçirilib.

İclası Polimer Materialları İnstitutunun direktoru, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

Sonra şuranın elmi katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Təhsil şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova magistrantların dissertasiya mövzularını iştirakçıların diqqətinə çatdırıb.

İclasda “Yüksək molekullu birləşmələr kimyası”, “Kompozisiya materialları kimyası” və “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslaşmaları üzrə 4 magistrant dissertasiya işini təqdim edib. Gənclər tədqiqatlarının aktuallığı, elmi yeniliyi, əldə etdikləri nəticələr haqqında danışıb, sualları cavablandırıblar.

Təqdimatlar ətrafında Bəxtiyar Məmmədov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, professor Nəcəf Qəhrəmanov, kimya elmləri doktorları Nüşabə Qurbanova, Nizami Zeynalov, texnika üzrə fəlsəfə doktorları Qoşqar Əliyev, Manaf Manafov, kimya üzrə fəlsəfə doktorları Samirə Məmmədova, Sevil Maşayeva çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonda səsvermə nəticəsində dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib, magistrantlara magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.