AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tələbələrə koronavirusla bağlı onlayn ustad dərsi keçib 22.05.2020 12:36 / KONFRANSLAR, İCLASLAR

Mayın 21-də Türkiyənin Akdeniz Universitetinin professoru, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Yeni koronavirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda onlayn ustad dərsi keçib.

Videobağlantıya qoşulan rektor Elçin Babayev COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində ali təhsil ocağında görülən qabaqlayıcı və effektiv tədbirlər haqqında məlumat verib. Azərbaycanda yeni növ koronavirusla mübarizənin inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunduğunu vurğulayan rektor Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində virusun ölkəmizdə geniş yayılmasının qarşısının alındığını vurğulayıb.

Ustad dərsində AMEA-nın müxbir üzvü Tərlan Məmmədov COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, eyni zamanda, vaksinlərin hazırlanması, xəstəliyin qarşısının alınması və ondan qorunma vasitələri, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların marağına səbəb olub. Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.