Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının iclası keçirilib 18.05.2020 14:19 / KONFRANSLAR, İCLASLAR

Mayın 18-də AMEA-nın Aşqarlar Kimyası İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclasda institutun direktoru, akademik Vaqif Fərzəliyev COVID-19 pandemiyası ilə əlaqədar ölkə səviyyəsində elan olunan xüsusi karantin rejimi dövründə rəhbərlik etdiyi müəssisə və onun alimlərinin onlayn rejimdə uğurla fəaliyyət göstərdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejiminə dair müəyyən yumşaldılma tədbirləri həyata keçirilib və bu səbəbdən də işçilərin laboratoriya tədqiqatlarına cəlb olunması işləri görülməlidir: “İşçilərin say məhdudiyyəti qüvvədə qaldığından ilk növbədə, ağır xroniki xəstəlik keçirən işçilərə güzəşt olunmalı, eyni zamanda, əməkdaşların sayının 30 faizi keçməməsi üçün laboratoriya və şöbələr üzrə işçilər növbəlilik prinsipi əsasında işə cəlb olunmalıdır. Yarımillik hesabatlar hazırlanmalı, elmi işçilər apardıqları tədqiqatların nəticələrini təhlil etməli, ümumiləşdirmə apararaq tezis, məqalə, patentlər yazmalı və cari hesabatlara hazırlaşmalıdır”.

V.Fərzəliyev müvafiq qaydalara uyğun olaraq institut binasının iş otaqlarının gündəlik olaraq dezinfeksiya edilməsinin, işə çıxan əməkdaşların sosial məsafə saxlamalarının, həmçinin qoruyucu maska, spirt, antiseptik gel və digər vasitələrdən istifadə etmələrinin vacibliyini qeyd edib, bununla əlaqədar texniki şöbə rəhbərliyinə tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.