Tarix Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə onlayn tanıtım layihəsi hazırlayıb 15.05.2020 16:25 / KONFRANSLAR, İCLASLAR

Bu il Beynəlxalq Muzeylər Günü ölkəmizdə fəaliyyət göstərən muzeylər tərəfindən xüsusi karantin rejimi nəzərə alınaraq, onlayn formatda silsilə təqdimat və tədbirlərlə qeyd ediləcək.

Beynəlxalq Muzeylər Günü AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən də keçiriləcək. Muzey bu münasibətlə “Bir toxunuş, min dəyər" onlayn tanıtım layihəsi hazırlayıb.

Layihə çərçivəsində mayın 18-i saat 10:20-də muzeyin Etnoqrafiya elmi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova İctimai TV-nin “Dikdaban” verilişində mədəni irsin qorunması və muzeylərin gələcək birgə fəaliyyəti barədə ictimaiyyətə məlumat verəcək.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il mayın 18-də dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.