Arxeoloqlar tunc, erkən dəmir və antik dövr Azərbaycan arxeologiyası üzrə problemləri müzakirə ediblər 01.05.2020 12:29 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində növbəti videokonfrans keçirilib.

"Qafqazda e.ə. II-I minilliklərdə mədəni-tarixi prosseslər: Ətraf bölgələrin təsiri, sosial quruluş və dini inanclar" mövzusuna həsr olunan videokonfransda Azərbaycan arxeologiyasının nəzəri məsələlərinin geniş müzakirəsi aparılıb.  

Tədqiqatçılar Orta tunc dövrü, Son Xocalı-Gədəbəy mədəniyyəti və Antik dövrün problemlərinə dair fikir mübadiləsi apararaq, gələcəkdə Azərbaycan arxeologiyasının yeni tədqiqat mövzularına ehtiyac olduğunu bildiriblər.

Videokonfrans iştirakçıları son illərin tədqiqat işlərindən əldə olunmuş nəticələri əsas götürməklə bir sıra yeni mövzuların araşdırılmasını, o cümlədən abidələrin arxeoloji cəhətdən öyrənilməsi məsələsinə münasibətin dəyişdirilməsini xüsusi qeyd ediblər.

Tədbirdə müasir arxeologiya elminin tələbləri fonunda "Radiokarbon tarixlər seriyası"nın yaradılması, paleometal, paleoantropoloji, palinoloji, arxeogenetik və digər sahələr üzrə araşdırmaların intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bildirilib ki, maddi mədəniyyət abidələrinin tədqiqi e.ə. II-I minilliklərdə Azərbaycan ərazisində zəngin mədəni və siyasi baxımdan əhəmiyyətli proseslərin baş verdiyini göstərir. Bu baxımdan dövrün inzibati idarəçiliyi, vahid dini inanclar sistemi və hərb işinin priroritet olması barədə geniş məlumatların əldə edilməsi aparılmış araşdırmaların əsas nəticələri olub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.