Humanitar və İctimai Elmlər Bölməsinin elmi şurasının ilk iclası keçirilib 17.03.2020 09:43 / KONFRANSLAR, İCLASLAR

Martın 16-da AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin elmi şurasının ilk iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, bölmənin sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. 

Əvvəlcə bir sıra kadr məsələləri müzakirə olunub. Müzakirələrdən sonra sənətşünaslıq üzrə elmlər doktorları - Sevil Fərhadova Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin, Rəna Abdullayeva Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin, İradə Köçərli Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər. Bundan başqa, Nailə Rəhimbəyli Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov həmin institutun Klassik folklor şöbəsinin, fəlsəfə üzrə elmlər doktoru Roida Rzayeva isə Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin müdiri vəzifələrinə təsdiqləniblər.

Daha sonra elmi-təşkilati və cari məsələlərə baxılıb. İclasda Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150, Əziz Mirəhmədovun 100, Ziyəddin Göyüşovun 100, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyləri ilə bağlı elmi müəssisələrdə konfrans və tədbirlərin keçirilməsinə dair müvafiq təkliflərin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Sonda akademik İsa Həbibbəyli bəzi ixtisaslar üzrə kadr hazırlığına ciddi ehtiyac olduğunu bildirib. O, AMEA-da dialektologiya, numizmatika, sosiologiya, türkologiya və digər ixtisaslar üzrə doktoranturaya yer ayrılmasının zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.