Naxçıvan Bölməsində Xocalı soyqırımı ilə bağlı sərgi açılıb 14.02.2020 14:53 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə sərgi açılıb.

Sərgidə tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının dəhşətlərini əks etdirən Azərbaycan, ingilis və rus dillərində kitablar nümayiş olunur.

Bura “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi”, “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Türkün Xocalı soyqırımı”, “Xocalı şahidləri danışır”, “Qarabağ həqiqətləri”, “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar”, “Erməni terroru”, “Dağlıq Qarabağın tarixindən sənədlər” və digər bu qəbildən kitablar daxildir.

Həmçinin bu dəhşətli hadisəyə obyektiv qiymət verən ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımın beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət”! beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən müxtəlif illərdə çap olunmuş qəzet, jurnal və toplu məqalələri də sərgidə təqdim olunur.

Qeyd edək ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Əsrin faciəsi: Xocalı” mövzusunda interaktiv açıq dərsin, o cümlədən “Erməni vandalizminin acı üzü: Xocalı soyqırımı” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.