Naxçıvan Muxtar Respublikası müstəqillik illərində böyük inkişaf yolu keçib 14.01.2020 16:15 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2019-cu illər)” mövzusunda interaktiv açıq dərs keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyevin apardığı açıq dərsdə şagirdlərə Naxçıvan Muxtar Respublikasında 1995-2019-cu illərdə geniş vüsət alan tikinti, quruculuq, abadlıq və digər sahələrdə aparılan işlər barədə ətraflı məlumat verilib.

Akademik İsmayıl Hacıyev Naxçıvanın ermənilər tərəfindən blokadaya alındığı zamanda ümummilli lider Heydər Əliyevin Naxçıvana gəldiyini bildirib, dahi şəxsiyyətin əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, ulu öndərin quruculuq xəttinin davam etdirilməsi sonrakı dövrlərdə də muxtar respublikanın inkişafını təmin edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda hərtərəfli inkişafa nail olunub.

Bölmə sədri bildirib ki, muxtar respublikada inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar qısa dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib. Bu diyarda çoxsaylı inzibati binalar, sosial obyektlər tikilib, yüksək səviyyədə quruculuq və abadlıq işləri görülüb.

Naxçıvanda ildən-ilə genişlənən tikinti-quruculuq və abadlıq işlərindən bəhs edən məruzəçi qeyd edib ki, muxtar respublikada dinamik və əsaslı inkişaf edən sahələrdən biri də elmdir. Onun sözlərinə görə, Azərbaycan elminə hər zaman hamilik etmiş ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub.

“Elmə qayğı alim və tədqiqatçıların yetişməsi üçün də geniş imkanlar açıb”, - deyən İsmayıl Hacıyev bildirib ki, bu dövrdə tədqiqatçıların çoxsaylı kitab və monoqrafiyaları, dərslik və dərs vəsaitləri, məqalə və tezisləri çap edilib. Ali Məclis Sədrinin xüsusi Sərəncamı ilə muxtar respublika ərazisindəki 1213 tarix və mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılıb, 70-dən çox abidə isə bərpa olunub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, irəli sürülən təşəbbüslər, həyata keçirilən islahatlar sayəsində ölkəmiz böyük uğurlar əldə edib, güclü dövlətlərdən birinə çevrilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.