Qobustan qoruğundakı keramika nümunəsinin 5655 il tarixi olduğu aşkara çıxarılıb 14.01.2020 11:07 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Sahib Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, Ətraf mühitin radiasiya kimyası laboratoriyasının kiçik elmi işçisi Aybəniz Əhədova Qobustan abidələrinin araşdırılması tarixində yeniliyə imza atıb. Belə ki, tədqiqatçı arxeoloji abidələr kompleksinin mühafizə edildiyi Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda çöl tədqiqatları aparıb və orada yerləşən Böyükdaş dağının aşağı səkisindən götürdüyü keramika nümunəsinin yaşını Termolüminessensiya metodu ilə tədqiq edərək, həmin nümunənin 5655 il yaşı olduğunu aşkara çıxarıb.

Qeyd edək ki, sözügedən keramika nümunəsinin Qobustan abidələrinin araşdırılması tarixində ilk dəfədir ki, radioizotop metodla analizi aparılıb.

Bundan əlavə, həmin ərazidən diş nümunələri də götürülərək Elektron Paramaqnit Rezonans metodu ilə tədqiq olunub və həmin diş nümunələrinin 1894 və 1353 il əvvələ aid olunduğu sübut olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.