AMEA-nın müxbir üzvü Kazım Ələkbərovun 110 illik yubileyi qeyd olunub 17.12.2019 11:48 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 17-də Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilatçılığı ilə görkəmli torpaqşünas-eroziyaşünas alim, AMEA-nın müxbir üzvü Kazım Ələkbərovun anadan olmasının 110 illiyinə həsr olunan tədbir keçirilib.

Akademiyanın Əsas binasında təşkil olunan tədbirdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim QuliyevDilqəm Tağıyev və İradə Hüseynova, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Yer Elmləri Bölməsinin büro üzvləri, həmin bölmələrin institut və təşkilatlarının direktorları, eləcə də respublikanın müvafiq təhsil və elmi qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq görkəmli alimin ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanın torpaq örtüyünün tədqiq edilməsində Kazım Ələkbərovun əvəzsiz rolu olub. O, Böyük Qafqaz, Kiçik Qafqaz və Lənkəran-Astara zonasında gedən eroziya proseslərini dərindən öyrənmək məqsədilə ərazidəki bütün dağ torpaqlarında minlərlə torpaq kəsimi qoyub, eroziya proseslərinin ekologiya ünsürləri ilə sıx əlaqəsini elmi dəlillərlə sübut edib. 

Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycanda ölkə torpaqlarının eroziya xəritəsi ilk dəfə Kazım Ələkbərovun gərgin əməyi nəticəsində ərsəyə gəlib. Bu dəyərli kartoqrafiya materialları sonrakı nəsil torpaqşünasların yetişməsində və eroziya elminin inkişafında böyük rol oynayıb. Diqqətə çatdırılıb ki, K.Ələkbərov uzun illər Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun, Torpaqşünaslıq və Aqrokimya institutlarının elmi şuralarının üzvü, Elmi Tədqiqat Eroziya bölməsinin elmi şurasının sədri olub.

Görkəmli alimin sadəliyini, insani xüsusiyyətlərini vurğulayan bölmənin akademik-katibi onun əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib.

Sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Babayev K.Ələkbərovun həyatı və elmi fəaliyyəti haqqında geniş məruzə edib. Bildirib ki, alim 1932-ci ildə Yeni Bast (lifli) Bitkiləri İnstitutunu (Tbilisi, Gürcüstan) bitirdikdən sonra 1934-1939-cu illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq sektorunda elmi işçi və aspirant olub, 1945-1950-ci illərdə AEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb, 1950-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılmış Elmi-Tədqiqat Eroziya Stansiyasının ilk direktoru olub və 20 ilə yaxın müddətdə həmin quruma rəhbərlik edib. K.Ələkbərov 1970-1974-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun direktoru vəzifəsində çalışıb. O, 1974-cü ildən ömrünün sona kimi (1987-ci il) AEA-nın Coğrafiya İnstitutunda Təbiəti mühafizə şöbəsinə rəhbərlik edib.

Məruzəçi qeyd edib ki, K.Ələkbərovun elmi fəaliyyəti, əsasən Abşeronun torpaq örtüyünün və ərazidə külək eroziyasının tədqiqi, torpaq eroziyasını yaradan amillərin, şəraitin öyrənilməsi və torpaq eroziyasına qarşı kompleks tədbirlər sisteminin işlənib hazırlanması, Azərbaycan şəraitində yamac torpaqlarının eroziya prosesindən qorunması, onların məhsulvermə qabiliyyətinin artırılmasına və s. həsr olunub. O, 1943-cü ildə namizədlik, 1958-ci ildə Moskva şəhərində V.V.Dokuçayev adına Torpaq İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib, 1960-cı ildə professor elmi adını alıb. K.Ələkbərov “Torpaqşünaslıq” ixtisası üzrə Azərbaycanda ilk elmlər doktoru və 30-a yaxın kadrın elmi rəhbəri və məsləhətçisi olub. Alim 1968-ci ildə AEA-nın müxbir üzvü seçilib.

Diqqətə çatdırılıb ki, K.Ələkbərov 100-ə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 5 kitabça və çoxsaylı məqalələrin, müxtəlif miqyaslarda torpaq-eroziya və 2 eroziya faktorları xəritələrinin müəllifi olub. O, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək Veteranı” medalları, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, həmin müəssisənin Torpaq örtüyünün strukturası laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vilayət Həsənov və Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev K.Ələkbərovun zəngin elmi fəaliyyətindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən mərhum alimin oğlu akademik Urxan Ələkbərov atası ilə bağlı xatirələrini bölüşüb. O, elmi konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə, həmçinin tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.