Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim edilib 13.12.2019 18:18 / KONFRANSLAR, İCLASLAR

2019-cu il dekabrın 11-i və 13-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncaqları keçirilib. Yığıncaqlarda bölməyə daxil olan institutların cari ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə hesabatları dinlənilib.

AMEA-nın Fizika İnstitutunun 2019-cu ildəki illik hesabatını təqdim edən müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, aparılmış tədqiqatlardan 11-i institutun Elmi şurası tərəfindən mühüm nəticə kimi dəyərləndirilib. Bu nəticələr əsasən alimlərimiz tərəfindən son illər ərzində tədqiq olunan və bu il nəzəri və təcrübi şəkildə təsdiq olunan elmi yeniliklərdir: "Onlar həm fundamental, həm də tətbiqi tədqiqatlar üçün yeni imkanlar yaradır, yeni kvant fazaların açılmasına və yeni  fizikanın axtarışına mühüm töhfə verir."

Diqqətə çatdırılıb ki, bu il Fizika İnstitutunda plan üzrə 39 tədqiqat işi aparılıb. Əldə olunmuş nəticələr 1 kitab, 2 monoqrafiya, 422 məqalədə əksini tapıb. Bu məqalələrin 278-i nüfuzlu xarici elmi jurnallarda, o cümlədən 201-i Web of Science bazasına daxil olan jurnallarda dərc olunub. Alimlərimizin nəşrlərinə 6450 istinad olunub.

C.Abdinov qeyd edib ki, AMEA-nın tarixində ilk dəfə olaraq bu il alimlərimizin məqaləsi impakt faktoru 40-dan artıq olan məşhur “Nature” jurnalında dərc olunub. Bu tədqiqat akademik Nazim Məmmədovun layihə rəhbəri olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Qeyri-trivial topologiyaya malik maqnit aşqarlı yarımkeçiricilərin spin polyarlaşmış elektron strukturu, optik və köçürmə xassələri” qrant layihəsi çərçivəsində aparılır. Ümumilikdə cari ildə institutda 17 qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb.

Sonra N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qurumun cari ildəki hesabatını təqdim edib. Rəsədxanada 21 tədqiqat işinin aparıldığını deyən N.Cəlilov əldə olunmuş nəticələrin 2 kitab, 1 monoqrafiya, 36 məqalədə əksini tapdığını vurğulayıb. Alim bu məqalələrin 20-sinin nüfuzlu elmi jurnallarda, 14-ünün isə Web of Science bazasına daxil olan jurnallarda dərc olunduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu il alimlərimizin əsərlərinə 105 istinad qeydə alınıb. Cari ildə rəsədxanada 4 qrant layihəsi çərçivəsində tədqiqat işləri aparılıb.

Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov rəhbərlik etdiyi institutun hesabatını təqdim edərək, cari ildə 25 elmi tədqiqat işinin aparıldığını bildirib. Qeyd edib ki, əldə olunmuş nəticələr 3 kitab, 2 monoqrafiya, 153 məqalədə əksini tapıb. Alimin sözlərinə görə, bu məqalələrin 98-i nüfuzlu beynəlxalq jurnallarda, 61-i isə Web of Science və Scopus bazalarına daxil olan jurnallarda dərc olunub. Bununla yanaşı, alimlərin nəşrlərinə 1192 istinad olunub, o cümlədən 18 qrant layihəsi çərçivəsində tədqiqat aparılıb.

Biofizika İnstitutunun 2019-cu ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabatı institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov təqdim edib. Qeyd edib ki, müəssisədə bu il aparılan 5 tədqiqat işi üzrə əldə olunmuş nəticələr Web of Science bazasına daxil olan jurnallarda dərc olunmuş məqalələrdə əksini tapıb, alimlərin nəşrlərinə 152 istinad qeydə alınıb. Bildirib ki, cari ildə institutda 6 qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb.

Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirib ki, bu qurumda il ərzində 104 tədqiqat işi aparılıb. Əldə olunmuş nəticələr 5 kitab, 1 monoqrafiya, 181 məqalədə əksini tapıb. Bu məqalələrin 139-u nüfuzlu elmi jurnallarda, o cümlədən 99-u Web of Science və Scopus bazalarına daxil olan jurnallarda dərc olunub. M.Mərdanov cari ildə institutda 7 qrant layihəsi çərçivəsində tədqiqat işlərinin aparıldığını, o cümlədən alimlərimizin nəşrlərinə 1600 istinadın qeydə alındığını bildirib.

İdarəetmə Sistemləri İnstitutunun 2019-cu ildəki hesabatı ilə bağlı çıxış edən müəssisənin direktoru, akademik Telman Əliyev institutda 39 tədqiqat işinin aparıldığını, əldə olunmuş nəticələrin 4 kitab, 218 məqalədə əksini tapdığını bildirib. Alimin sözlərinə görə, bu məqaləlrəin 146-sı nüfuzlu elmi jurnallarda, o cümlədən 79-u Web of Science və Scopus bazalarına daxil olan jurnallarda dərc olunub. Alimlərimizin nəşrlərinə 1362 istinad qeydə alınıb. Həmçinin cari ildə institutda 12 qrant layihəsi çərçivəsində tədqiqat aparılıb.

İnformasiya Texnologiyaları İnstitutunun cari ildəki elmi və elmi təşkilati fəaliyyəti haqda hesabatını təqdim edən institutun direktoru, akademik Rasim Əliquliyev müəssisənin elmi-nəzəri, elmi-praktiki və innovasiya fəaliyyəti, həmçinin burada elektron elmin formalaşdırılması, veb-texnologiyalar, multimedia texnologiyaları və s. ilə bağlı il ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, müəssisədə bu il 67 tədqiqat işi aparılıb. Əldə olunmuş nəticələr 7 kitab, 1 monoqrafiya, 89 məqalədə əksini tapıb. Məqalələrin 50-si nüfuzlu elmi jurnallarda, o cümlədən 25-i Web of Science və Scopus bazalarına daxil olan jurnallarda dərc olunub. Alimlərimizin nəşrlərinə 1205 istinad olunub. Alim cari ildə institutda 3 qrant layihəsi çərçivəsində tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Daha sonra akademik Fikrət Əliyev Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun cari il üzrə hesabatını təqdim edib.

İclasda mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair təqdimatlarla çıxış ediblər. 

Hesabatlar ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.