Yer Elmləri Bölməsinin büro iclası keçirilib 13.12.2019 16:46 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 13-də AMEA Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri və aidiyyəti əməkdaşlar iştirak ediblər.

İlk olaraq 2019-cu ildə bölmənin elmi istiqamətləri üzrə elmi-tədqiqat, təhsil və sahə müəssisələrində əldə edilmiş və müvafiq ixtisaslar üzrə ekspertizadan keçmiş mühüm nəticələr müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Daha sonra dissertasiya mövzularının Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında təsdiq edilməsi məsələsinə baxılıb. İclasda Şuranın yaradılması haqqında Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın Yer Elmləri Bölməsinə aid Problem Şuralarının təkmilləşdirilməsi ilə bağlı müraciətlər müzakirə olunub.

Tədbirdə müzakirəyə çıxarılan növbəti məsələ akademik Əhəd Yaqubovun 110 illik yubileyinə həsr edilmiş kitabın nəşri ilə bağlı olub. F.Qədirov ölkə başçısı İlham Əliyevin alimin yubileyinin qeyd olunmasına dair müvafiq sərəncamına əsasən “Akademik Ə.Ə.Yaqubov – Azərbaycanda palçıq vulkanizmi elminin banisidir” adlı xatirə kitabının hazırlandığını bildirib. Müzakirədən sonra kitab nəşrə tövsiyə olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.