Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub 13.12.2019 14:58 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 13-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük yazıçı və dramatuq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə elmi sessiya keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, Sərəncama əsasən Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və AMEA ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planının hazırlanması tapşırılıb. Bugünkü tədbir də həmin tədbirlər planına əsasən keçirilir.

Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rolundan danışan G.Baxşəliyeva onun ana dilimizin qorunmasında və inkişafında, Azərbaycan xalqının oyanışında böyük xidmətlər göstərdiyini, yalançı din təbliğatçılarına, xurafata və cəhalətə qarşı mübarizə apardığını bildirib. Qeyd edib ki, Cəlil Məmmədquluzadənin fəaliyyətinin əsasında onun publisistikası dayanır. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur. Bu jurnalın ətrafında bir sıra demokrat, vətənpərvər və maarifçi yazıçılarımız cəmləşmişdi. 

G.Baxşəliyeva bildirib ki, Şərqşünaslıq İnstitutunda görkəmli ədibin çoxşaxəli yaradıcılığı tədqiq edilib, həmçinin iranlı dissertantlar tərəfindən “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının İran ədəbiyyatına təsiri” və “Məşrutə dövrü İran satirik mətbuatının inkişafında Cəlil Məmmədquluzadə və M.Ə.Sabirin rolu ” mövzularında dissertasiya işləri müdafiə edilib.

Seminarda institutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlının “Cəlil Məmmədquluzadənin cəhalətə və xurafata qarşı mübarizəsi və aktuallığı” mövzusunda məruzəsi dinlənilib.

Məruzə ətrafında çıxışlar olub, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.