AMEA-nın elmi müəssisə və təşkilatlarında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb 12.12.2019 10:31 / KONFRANSLAR, İCLASLAR

Bu gün müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür. Bu münasibətlə ölkəmizdə, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.

Belə ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Radiasiya Problemləri, Polimer MateriallarıƏlyazmalar, Qafqazşünaslıq, Dendrologiya, ZoologiyaTarix, Kataliz və Qeyri-üzvi Kimya, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyi və Hüseyn Cavidin Ev Muzeyində, Yüksək Texnologiyalar Parkında, Şamaxı Astrofizika Rəsədxanasında ulu öndərin xatirəsinə həsr olunan konfrans, elmi sessiya, dəyirmi masa və sərgilər təşkil olunub.

Anım tədbirlərində bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən bəhs olunub, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.

Tədbirlərdə ümummilli liderin zəngin və ibrətamiz həyat yolundan danışılıb, dahi rəhbərin Azərbaycanda elm və təhsilin inkişafı naminə gördüyü böyük işlərdən söhbət açılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində elm və təhsil sahəsinə böyük diqqət və qayğı göstərib. Dahi liderin nəsillərə nümunə olan ibrətamiz ömür yolu və ictimai-siyasi fəaliyyəti Vətənə, xalqa və dövlətçilik ideallarına sonsuz sədaqətin parlaq nümunəsidir.

Bundan başqa, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərində xaosdan və parçalanmaq təhlükəsindən xilas olduğu, respublikanın əbədi müstəqilliyinin təmin edildiyi diqqətə çatdırılıb. Çıxışlarda ümummilli liderin xalqı öz ətrafında sıx birləşdirdiyi və Azərbaycanı beynəlxalq arenada yüksək pillələrə qaldırdığı qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.