"Ulu öndər Heydər Əliyev: keçmişimizin memarı, gələcəyimizin qarantı" mövzusunda konfrans keçirilib 11.12.2019 16:20 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 11-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.

"Ulu öndər Heydər Əliyev: keçmişimizin memarı, gələcəyimizin qarantı" mövzusunda keçirilən tədbirdə Şuranın sədri, f.ü.f.d., dosent Famin Salmanov Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətindən danışıb.  Bildirib ki, dinamik inkişaf edən və ildən-ilə siyasi, iqtisadi, beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır.

Şura sədri vurğulayıb ki, dahi lider Heydər Əliyev ölkəmizdə elmin və təhsilin inkişafına daim xüsusi diqqət göstərib. Bu gün AMEA-nın mövcudluğu Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz üçün çox çətin olan bir dövrdə akademiyaya milli statusunun verilməsi, alimlərin əməkhaqqının artırılması və iş şəraitinin yaxşılaşdırılması məhz ümummilli liderin səyinin nəticəsidir.

F.Salmanov ulu öndər tərəfindən intellektual nəslin formalaşması istiqamətində ardıcıl addımların atıldığını, Azərbaycan gənclərinin dünyanın bir çox ölkəsində təhsil almağa göndərildiyini söyləyib. O, dahi lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə müstəqil Azərbaycan Gəncləri Forumunun keçirildiyini, həmçinin ölkəmizdə Gənclər Gününün təsis edildiyini diqqətə çatdırıb.

Bildirib ki, ümummilli liderin zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunə təşkil edib. Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hər bir gənc üçün fəxr və qürur mənbəyidir. Ölkəmizdə ulu öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncliyi ölkəmizin son 16 ildə əldə etdiyi misilsiz nailiyyətlərindən ruhlanır və onlara göstərilən yüksək etimada layiq olmağa çalışır.

Daha sonra Ədəbiyyat İnstitutunun YAP təşkilatının sədri, fil.ü.f.d. Xədicə İsgəndərli çıxış edərək böyük şəxsiyyət Heydər Əliyevin bütün məsələlərə dövlət və dövlətçilik prinsiplərindən yanaşdığını, onun Azərbaycanın, eləcə də YAP-ın gələcəyini daim gənclərdə gördüyünü vurğulayıb.

Dövlətin gənclərə qayğısından bəhs edən X.İsgəndərli ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-gənclər siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini bildirib.

Konfransda Yasamal YAP Gənclər Birliyinin sədri İlqar Quliyev “Azərbaycan elminin və təhsilinin himəyadarı”, Fəlsəfə İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq şöbəsinin böyük elmi işçisi, s.e.ü.f.d. Günel Məlikli “Müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyevin rolu”, Abşeron rayon YAP Gənclər birliyinin sədri Elnur Mirzəyev “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dos. Əzizağa Nəcəfov “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin yeni intibahı” və Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, t.ü.f.d., dos. Elnur Kəlbizadə “Azərbaycan: Qafqazın lider dövləti” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.