“Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçirilib 28.11.2019 12:07 / KONFRANSLAR, İCLASLAR

Noyabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransı giriş sözü ilə Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq Qafqazda terror mövzusuna həsr olunan elmi konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət mərkəzində və maraq dairəsində olan həssas siyasi duruma malik regiondur. Qafqaz, eyni zamanda, terror hadisələri ilə, risklər və təhdidlərlə doludur. Bu problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi davamlı olmalıdır. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər.

Musa Qasımlı rəhbərlik etdiyi elmi müəssisənin yarandığı qısa müddət ərzində bu sahədə apardığı işlər barədə də məlumat verib. Qeyd edib ki, alimlərimiz yaşadığımız Qafqaz regionunun geosiyasətinə, region dövlətlərində cərəyan edən hadisələrə, ictimai-siyasi, iqtisadi proseslərə, bu ölkələrin qarşılıqlı münasibətlərinə, terrorizmə dair elmi-tədqiqatlar aparıb, dəyərli əsərlər ortaya qoyublar. 

İnstitut direktoru vurğulayıb ki, müstəqil Azərbaycan dövləti Qafqazda sülhün, sabitliyin, multikulturalizmin bərqərar olması üçün ciddi addımlar atır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi də bu düşünülmüş siyasətin daha da dərinləşməsinə xidmət edir.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxışında qeyd edib ki, Qafqazda terror dünya ictimaiyyətini dərindən maraqlandırır. Qafqazda terrorun tarixi uzundur. Bu gün Qafqazda terror Azərbaycan üçün daha aktualdır, çünki biz erməni terroru ilə dəfələrlə qarşılaşmışıq.

Bildirilib ki, Qafqaz həm də dünyanın strateji xəritəsində önəmli rola malikdir. Region dünyada balanslaşdırmanın qorunmasında əhəmiyyətli rol oynayır. Həmçinin bölgədə bir sıra problemlər var ki, bunlar da müxtəlif tarixi amillərlə bağlıdır. Konfransın məqsədi məhz bu problemlərin öyrənilməsinə və birgə yolların axtarılmasına xidmət edir.

Sonra professor Musa Qasımlı “1903-1904-cü illərdə erməni siyasi-terror təşkilatlarının Cənubi Qafqazda Çar Rusiyası hakimiyyət orqanlarının rus və gürcü mənşəli nümayəndələrinə qarşı terroru (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə edib.

Konfransda Qafqaz regionunda cərəyan edən proseslər, Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyət, ermənilərin geosiyasi iddiaları və digər məsələlərə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.