Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub 08.11.2019 13:51 / KONFRANSLAR, İCLASLAR

Görkəmli yazıçı, dramaturq, naşir, publisist Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”i Bolqarıstanın paytaxtı Sofiyada işıq üzü görüb.

Nəşrin ideya müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. İlk dəfə bolqar dilində kitab halında çap olunan nəşrin məsul redaktoru Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru, professor Elka Traykova, tərcümənin redaktoru isə Bolqarıstan Sofiya Dövlət Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreskadır. Əsərləri Azərbaycan dilindən bolqar dilinə Sofiya Şiqayeva Mitreska (“Poçt qutusu” və “Molla Fəzləli”), Sofiya Dövlət Universitetinin Türkologiya ixtisası üzrə təhsil alan tələbələri - Aysun Yumer (“Kişmiş oyunu”), Alper Emurlov (“Usta Zeynal”), Çiydem Aliosmanova (“Saqqallı uşaq” və “Dəllək”), Liliya Yordanova (“Nigarançılıq”), Janet Nikolova (“Bəlkə də qaytardılar”) tərcümə ediblər.

İ.Həbibbəylinin “Cəlil Məmmədquluzadə və Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” dövrü” adlı “Ön söz”ündə yazıçının həyat və yaradıcılığından, mollanəsrəddinçi müasirlərinin xidmətlərindən geniş bəhs olunur.

Qeyd edək ki, indiyə qədər akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə Cəlil Məmmədquluzadənin əsərləri Gürcüstan, Özbəkistan, Tacikistan, Rusiya, Litva, Ukrayna, Pakistan, Misir, Macarıstanda işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.