Akademik Yaqub Mahmudov: Azərbaycanın 5 min illik dövlətçilik tarixi var 29.10.2019 10:04 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Tarix İnstitutunda “Tariximizə sahib çıxaq” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə dövlət və dövlətçiliyimizi müdafiə, tarixi şəxsiyyətlərimizin fəaliyyətinin saxtalaşdırılmasına qarşı mübarizə və digər məsələlər müzakirə olunub.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov son illərdə dövlətimizin başçısının təşəbbüsü, çağırışları və tapşırıqları ilə elmi müəssisədə aparılan araşdırmalar barədə məlumat verib. O, Tarix İnstitutunun beynəlxalq əlaqələrindən bəhs edərək, müəssisənin Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Erməni yalanlarına qarşı aparılan mübarizədən danışan alim institutun hər zaman bu istiqamətdə prinsipial mövqe ortaya qoyduğunu vurğulayıb. Y.Mahmudov bu işlərə ictimaiyyət tərəfindən dəstək verilməsinin, təbliğat baxımından səylərin birləşdirilməsinin, “Vikipediya” və sosial şəbəkələrdə tarixi mövzularda aktiv olmağın vacibliyini qeyd edib.

"Azərbaycanın 5 min illik dövlətçilik tarixi var və biz tariximizə sahib çıxmalıyıq" -deyən institut direktoru bildirib ki, tarixinə sahib çıxan xalq yenilməzdir. Tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur.

Daha sonra çıxış edən tarixçi alim Hacı Həsənov, araşdırmaçı-jurnalist Anar Turan, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü və digərləri bildiriblər ki, əsas məqsədləri Azərbaycan dövlətçiliyinə xidmət etməkdir. Araşdırmaçılar Tarix İnstitutu ilə koordinasiyalı fəaliyyətə ciddi ehtiyac duyulduğunu vurğulayıblar. Gələcəkdə dövlətçiliyimizin müdafiəsi istiqamətində, Azərbaycan tarixinin təbliği istiqamətində birgə işlər görmək, görüşlər və müzakirələr təşkil etməyin zəruriliyi qeyd edilib.

Sonda iştirakçılara Tarix İnstitutunun nəşrləri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.