Gəncə Bölməsində ekoloji tədqiqatlara həsr olunan seminar keçirilib 25.10.2019 16:37 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Gəncə Bölməsində Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə birgə ekoloji araşdırmalara həsr olunan seminar keçirilib.

Bölmənin elmi tədqiqat institutları ilə yanaşı, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetinin alimlərinin iştirak etdiyi seminarda məqsəd Qərb bölgəsinin tullantılarının monitorinqi və əldə olunan nəticələr əsasında yeni texnoloji üsulların hazırlanması olub.

Tədbiri bölmənin sədri, akademik Fuad Əliyev açaraq ekoloji problemlərin həlli sahəsində BNTİ ilə əməkdaşlıq etdiklərini bildirib.

Sonra BNTİ-nin əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Afaq Mədətzadə birgə aparılan elmi tədqiqatlar haqqında məlumat verib.

Seminarda müxtəlif ərazilərdən toplanan mamır nümunələrində ağır metalların və radionuklidlərin təyini işinin mahiyyəti, sənayenin ətraf mühitə  təsirinin ekoloji qiymətləndirilməsi, atmosferdə olan ağır metalların təyin olunması və ekoloji xəritənin tərtib edilməsi barədə hesabat dinlənilib. Qeyd edilib ki, tədqiqat məqsədilə Göygöl rayonu və Daşkəsən-Gədəbəy ərazilərindən toplanan 85 nümunə analiz üçün hazırlanıb və BNTİ-yə göndərilib, sənayenin ətraf mühitə təsiri, atmosferdə ağır metalların miqdarı müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, tədqiqatlar BMT-nin ətraf mühitin qorunması proqramı çərçivəsində həyata  keçirilir.

Sonda seminarın mövzusu ətrafında geniş elmi müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.