Zoologiya İnstitutunda beynəlxalq elmi-praktiki seminar keçirilib 25.10.2019 09:51 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Zoologiya İnstitutu, Rusiyanın Çelyabinsk Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun əməkdaşlarının iştirakı ilə “Heyvanların tarixi və populyasiya ekologiyasının tədqiqinin müasir metodları” mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarın ilk günündə rusiyalı qonaqlar Zoologiya İnstitutunun əməkdaşları ilə birgə Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisi ilə tanış olub, iki ölkə arasında aparıla biləcək multidissiplinar tədqiqatlar haqqında ətraflı müzakirələr aparıblar.

Seminarın ikinci günündə Zoologiya İnstitutunda keçirilən tədbiri müəssisənin direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov açıb, rusiyalı alimlər haqqında iştirakçılara məlumat verib.

Sonra Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Şaiq İbrahimovun “Xəzər dənizinin zooqrafik analizində parazitoloji məlumatlardan istifadə təcrübəsi”, elmi işçi Elşad Əsgərovun “Azərbaycanda Qafqaz bəbirinin say dinamikası (Panthera pardus L., 1758)”, kiçik elmi işçi Gülnarə Hüseynovanın “Muğan çölünün buğda parazit nematodları (Azərbaycan)”, Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə elmlər doktoru Yelena Tağıyevanın “Azərbaycan Holoseninin paleolandşaftları”, Rusiyanın Bitki və Heyvanların Ekologiyası İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ranyuk Маryananın “Ural və Sibirdəki vəhşi ətyeyən və dırnaqlı məməlilərin ekoloji tədqiqatları” və Çelyabinsk Dövlət Universitetinin baş müəllimi Anna Plaksinanın “Coğrafi İnformasiya Sistemlərindən istifadə etməklə fəza modellərinin və məlumat bazasının yaradılması (Uralarxası çöl ərazisi timsalında)” mövzusunda məruzələri dinlənilib.

Rusiyalı qonaqlar, həmçinin Təbiət Tarixi Muzeyi və Binəqədi Dövlət Qoruğunda ekskursiyada olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.