Suraxanıda Nəsiminin 650 illik yubileyi qeyd olunub 22.10.2019 16:52 / KONFRANSLAR, İCLASLAR

Oktyabrın 22-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Elmi sessiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. O, şairin yubileyi münasibətilə rayonda silsilə tədbirlərin keçirildiyini söyləyib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli mütəfəkkir şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Ədibin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutduğunu deyən İ.Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Alim Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” adlı monoqrafiyanın hazırlandığını, azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb.

İsa Həbibbəyli xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil müəssisəsində “Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Fəridə Əzizova “İmadəddin Nəsiminin həyatı və mühiti”, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Mahirə Quliyeva “Nəsiminin sənətkarlıq dünyası”, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycan ədəbiyyatında Nəsimi mövzusu” mövzusunda məruzələrlə çıxış ediblər.

Sessiya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin təqdimatında bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.