Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib 21.10.2019 15:54 / KONFRANSLAR, İCLASLAR

Oktyabrın 21-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov, büro üzvləri və bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

İclası akademik Əhliman Əmiraslanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra AMEA prezidentinin "AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus patentlərdən daha səmərəli istifadə edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 24 sentyabr 2019-cu il tarixli sərəncamının icrası məqsədilə YT Parkla BTEB-in elmi təşkilatları arasında tədqiqat planları, tətbiqi xarakterli işlərin ölkə iqtisadiyyatının real ehtiyaclarına uyğunluğu və kommersiyalaşdırılması perspektivləri müzakirə olunub. Ə.Əmiraslanov institutların patentlərinin tətbiqi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

İclasda, həmçinin "Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)" toplusu üzrə işçi qrupunun tərkibinin təsdiq edilməsi haqqında məsələ müzakirə edilib. Ə.Əmiraslanov oktyabrın 8-də AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və Tibb Elmləri Bölməsinin iclasının keçirildiyini xatırladıb, sözügedən tədbirdə işçi qrupun yaradılmasının məqsədəuyğun hesab edildiyini bildirib.

Daha sonra büro qeyd edilən qrupun tərkibi haqqında müvafiq qərar qəbul edib.

Tədbirdə, o cümlədən Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifovun 60 illik yubileyi haqqında məlumat verilib, alimə BTEB-in Fəxri fərmanının verilməsi qərara alınıb.

İclasda bir sıra kadr məsələləri ilə bağlı müvafiq qərarlar da qəbul edilib.

Sonda akademik Əhliman Əmiraslanov bölmənin elmi müəssisə və təşkilatlarının 2019-cu il üzrə hesabatlarının hazırlanması ilə bağlı tapşırıq verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.