“Folklorun təsnifi problemi: janr, yoxsa performans?” mövzusunda seminar keçirilib 18.10.2019 16:58 / KONFRANSLAR, İCLASLAR

Oktyabrın 18-də AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavərinin Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Folklorun təsnifi problemi: janr, yoxsa performans?” mövzusunda seminarı keçirilib.

Seminarda BDU-nun müəllim və tələbə kollektivi, AMEA-nın Folklor İnstitutunun alimləri, respublikanın bir sıra digər ali təhsil müəssisəsi və elmi qurumlarının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov son illər Azərbaycanda folklorşünaslıq sahəsində nəzəri-metodoloji istiqamətdə tədqiqatların genişlənməsindən, dünyanın müasir elmi baxışları, xüsusən də multidissiplinar yanaşmaların tətbiqi perspektivlərindən bəhs edib. O, bu istiqamətdə aparılan araşdırmaların genişlənməsində filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin tədqiqatlarının rolu barədə iştirakçılara məlumat verib.

Sonra Sərxan Xavərinin məruzəsi dinlənilib. Alim bildirib ki, nəzəri folklorşünaslığın mühüm istiqamətlərindən biri olan folklorun predmeti bu sahəni tam şəkildə əhatə edən fakturanı, folklor resurslarını küll halında təsnif etməkdən ibarətdir. Nəzəri folklorşünaslıqda predmet sahəsinin və sərhədlərinin müəyyənləşdirilməsi (“nə folklordur?” sualının dəqiq cavabının verilməsi) nə dərəcədə mürəkkəb nəzəri problemdirsə, müəyyənləşdirilən fakturanın təsnifi də elmi baxımdan bir o qədər zəruri məsələdir. Bu iki istiqamət bir-biri ilə qarşılıqlı əlaqədədir. Ona görə də "folklor fakturası hansı prinsiplərlə hansı hissələrə ayrılır?" sualından əvvəl, "nə folklordur?" sualına cavab vermək lazımdır. Müəllif bildirib ki, folkloru müasir yanaşmalara uyğun olaraq kollektiv insan fəaliyyəti nəticəsində yaranan ümumbəşəri mədəni metasistemin diaxron və sinxron olmaqla bütün artefaktlar sistemi kimi dəyərləndirmək lazımdır. Yəni folklor kollektiv fəaliyyət nəticəsində yaranan və kollektiv informasiyaya çevrilən “folk”un yaratdığı maddi və mənəvi olan hər şeydir.

Məruzəçi qeyd edib ki, folklorun təsnifi modeli bütün hallarda arxasında bu və ya digər nəzəri konsepsiyaya dayanan prinsip və ya prinsiplər məcmusuna əsaslanır. Folklor fakturasının təsnifi ilə bağlı ən geniş yayılmış modellərdən biri yazılı ədəbiyyatın növ və janr strukturunun folklora tətbiqi təcrübəsidir. Alim bildirib ki, uzun illər ərzində normativləşmiş bu bölgü özünü bir o qədər də doğrultmur. Yalnız bu bölgü əsas götürüldükdə folklorun mühüm bir hissəsi təsnif modelindən kənarda qalmış olur.

Daha sonra folklor fakturanın müəyyənləşdirilməsi üçün müəllif prinsiplər əsasında qurulan müxtəlif təsnif modellərini nəzərdən keçirib. O bildirib ki, dünya folklorşünaslığında folklorun sosial qruplar, məkan, zaman ardıcıllığı, cins, funksiya və s. əsaslanan müxtəlif bölgü prinsipləri var. Müəllif son nəticə olaraq deyilən, danışılan, söylənilən, göstərilən, səsləndirilən və düzəldilən folklor fakturasının ifa üsuluna, performansına görə təsnif modeli üzərində dayanıb, bu modeli geniş şərh edib.

Məruzədən sonra alim iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.