Naxçıvan Bölməsində elektron kitabxanalara həsr olunan seminar keçirilib 16.10.2019 12:52 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Müasir zaman və elektron kitabxanalar” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə kitabxananın direktoru Sahab Əliyeva Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaradılan elektron kitabxanaların rolundan danışıb. O, Prezident İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli Sərəncamını xatırladıb. Direktor ölkə kitabxanalarının elektronlaşması, onların inkişaf etmiş dünya kitabxanaları sırasına daxil edilməsi və Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılması baxımından sözügedən sərəncamın əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və kitabxanaların elektronlaşdırılması istiqamətində görülən işlərdən danışan Sahab Əliyeva muxtar respublikada müasir tələblərə uyğun kitabxanaların fəaliyyəti üçün yaradılan geniş imkanlardan bəhs edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, bölmənin elektron kitabxanası 2013-cü il sentyabrın 4-də yaradılıb və kitabxananın e-kitab.ameanb.nmr.az internet saytı oxucuların ixtiyarına verilib.

Diqqətə çatdırılıb ki, hazırda kitabxanada inventar sayı 37039 ədəd təşkil edən 15475 adda kitab elektron kataloqlaşdırılıb, elektron kartotekalarda müxtəlif mövzulara aid 20671 məqaləyə, elektron avtoreferatlar kataloqunda 7866 avtoreferata, dissertasiya kataloqunda isə 108 dissertasiyaya aid biblioqrafik məlumatlar verilib. 1780 kitabın elektron versiyası hazırlanıb və lokal şəbəkədə yerləşdirilib.

Daha sonra Elmi Kitabxananın baş kitabxanaçısı Nuridə Kəngərli “Kitabxanalarda həyata keçirilən elektronlaşma prosesləri” və fond müdiri Kəmalə Quliyeva “Elektron kitabxanaların cəmiyyətdə rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.