Birləşmiş Veteranlar Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub 15.10.2019 17:13 / KONFRANSLAR, İCLASLAR

Oktyabrın 15-də AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və elmi müəssisə və təşkilatların veteranlar şuralarının sədrləri iştirak ediblər.

Əvvəlcə Geologiya və Geofizika İnstitutunun veteranlar şurasının sədri olmuş Simurq Şabanovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclası şuranın sədri Eldar Quliyev açaraq rəhbərlik etdiyi qurumun öz fəaliyyətini 28 iyun 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olunan "Veteranlar Haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən tənzimlədiyini deyib. Bildirib ki, sözügedən sənəd veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsinə, yaşayış sahəsi ilə təminatına, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinə, ictimai faydalı fəaliyyətdə iştirakına imkan verir.

E.Quliyev diqqətə çatdırıb ki, cari ildə BVŞ tərəfindən əməyin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, elmi müəssisələrdə veteran şuralarının işinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. O, həmçinin veteran şuralarının sədrlərinə elmi müəssisə və təşkilatlarda çalışan aztəminatlı veteranların siyahılarının tərtib edilməsi barədə tapşırıq verib. Qeyd edib ki, təqdim olunan siyahılara əsasən, aztəminatlı veteranlara birdəfəlik müavinət ödəniləcək, güzəştli yemək veriləcək və tibbi sanatoriyalara göndəriləcəklər.

E.Quliyev, o cümlədən BVŞ tərəfindən faşizm üzərində qələbənin 75 illik yubileyi münasibətilə Tədbirlər Planının hazırlanaraq Nazirlər Kabineti və Müdafiə Nazirliyinə təqdim olunduğunu deyib, sözügedən sənəddə konfransların, eləcə də azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının abidələri üzərinə ziyarətlərin təşkilinin planlaşdırıldığını bildirib. Böyük Vətən Müharibəsində 600 mindən çox həmyerlimizin iştirak etdiyini deyən BVŞ sədri bu gün gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində təbliğat işlərinin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. O, bu məsələdə AR Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Sonra ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil etdiyi təşkilatın tarixi, fəaliyyəti və nailiyyətləri haqqında məlumat verib. Qeyd edib ki, Respublika Veteranlar Təşkilatı 1992-ci il may ayının 10-da Ədliyyə Nazirliyinin müvafiq qərarına əsasən rəsmi dövlət qeydiyyatına alınıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən rəhbərliyə qayıtması ilə veteranlara dövlət qayğısının artdığını söyləyib. C.Xəlilov bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, veteranlara birdəfəlik maddi yardımların, mənzil və şəxsi avtomobillərin verildiyini bildirib.

Təşkilat rəsmisi, həmçinin təmsil etdiyi qurum tərəfindən Böyük Vətən Müharibəsində həlak olan və itkin düşən şəxslərin siyahısının mütəmadi yeniləndiyini və bu məsələdə AMEA BVŞ ilə əməkdaşlığa hazır olduqlarını söyləyib.

İclasda, eləcə də elmi müəssisə və təşkilatların veteranlar şuralarının sədrlərinin çıxışları dinlənilib, bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.