Gənc alimlərin dünya elminə inteqrasiyasının sürətləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir 15.10.2019 10:26 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçirilən iclası şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

F.Salmanov qeyd edib ki, 2020-ci ilin fevral ayında Neftçilər gününə həsr olunan “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı keçiriləcək. F.Salmanov vurğulayıb ki, son illərdə gənc alimlər üçün beynəlxalq konfransların təşkil olunması mütəmadi hal alıb: “Məqsədimiz gənc alimlərin timsalında akademik elmin dünya elminə inteqrasiyasını sürətləndirmək üçün xarici tərəfdaşları Bakıya toplamaq və onların birgə fəaliyyətinə şərait yaratmaqdır”. Konfrans çərçivəsində prioritet elmi istiqamətlər üzrə təqdimatların təşkilinin nəzərdə tutulduğunu deyən alim gənc mütəxəssislərin kütləvi iştirakını təmin etmək üçün institutlarda məlumatlandırıcı görüşlərin keçirilməsinin və elanların yerləşdirilməsinin zəruriliyini bildirib.

F.Salmanov, həmçinin “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın hazırlığına başlanıldığını, sözügedən sənəddə gənc alimlərin elmi səviyyəsinin artırılması, onların sosial durumunun yaxşılaşdırılması kimi bir sıra mühüm məsələlərin nəzərdə tutulduğunu qeyd edib. Bundan əlavə, AMEA-nın magistraturasına qəbul olunan yeni magistrantların elmi-ictimai fəaliyyətinə dəstək olmaq üçün onlarla işin gücləndiriləcəyini diqqətə çatdırıb.

Sonra konfransın təşkilat komitəsinin elmi katibi Aysel Cəbrayılova tədbirə onlayn qeydiyyatla bağlı şura sədrlərinə məlumat verib.

Sonda Nəsimi adına Dilçilik İnstitutunun gənc alimləri Raim Heydərov və Elnurə Hüseynova çıxış edərək yeni işıq üzü görən kitabları haqqında məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.