Naxçıvanın dialekt və şivələrindən bəhs olunan monoqrafiyaların təqdimatı keçirilib 11.10.2019 12:53 / KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin leksikası” və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiyalarının təqdimatı olub.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev dilçilik elminin qarşısında duran əsas vəzifələrdən danışıb, rəhbərlik etdiyi müəssisənin Dilçilik şöbəsinin əməkdaşlarının dilimizlə bağlı apardıqları tədqiqat işlərinin əhəmiyyətini qeyd edib.

Dilçi alim ictimaiyyətə təqdim olunan monoqrafiyaların müasir dövr üçün aktuallığından söz açaraq qeyd edib ki, “Naxçıvan dialekt və şivələrinin leksikası” adlı monoqrafiya Türkiyənin “Gecə Akademi” nəşriyyatında, “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiya isə Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatında çap edilib. Ə.Quliyev bildirib ki, Naxçıvan dialekt və şivələrinə həsr olunan hər iki nəşr sanbalı elmi əsər olmaqla yanaşı, institut əməkdaşlarının tədqiqatlarının beynəlxalq aləmdə tanınmasına zəmin yaradıb.

Daha sonra institutun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Naxçıvan dialekt və şivələrinin leksikasına həsr olunmuş dəyərli əsər” və Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova “Naxçıvan dialekt və şivələrinin ümumtürk kontekstində araşdırılması istiqamətində növbəti uğurlu addım” mövzusunda məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, Naxçıvan dialekt və şivələrinin leksikasına həsr olunmuş kitabda zəngin dialektoloji materiallar əsasında Naxçıvan və Doğu Anadolu dialektlərinin ortaq türk mədəniyyətində rolu araşdırılır və faktlarla sübuta yetirilir. Monoqrafiyada Naxçıvan dialekt və şivələrindəki termin səciyyəli sözlərin müqayisəli tədqiqi göstərir ki, qədim dil elementləri ən çox bu ərazidə qorunub saxlanılıb. Vəsait Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçiliyimiz, şifahi söz sənətimiz, bütünlükdə xalqımızın etnoqrafiyası və tarixi üçün faydalıdır.

Diqqətə çatdırılıb ki, “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiyada isə Naxçıvan dialekt və şivələrində işlənən və türk dillərinin bir çoxu üçün ortaq olan leksik vahidlər müqayisəli tədqiqata cəlb edilib. Naxçıvan ərazisinin müxtəlif rayonlarından toplanılan dialektoloji materiallar, Naxçıvan dialekt və şivələrinə xas olan atalar sözləri də müqayisəli linqvistik tədqiqata cəlb olunub. Burada işlənən atalar sözlərinin digər türk dillərində, eyni zamanda qədim lüğətlərdə mövcudluğu bir daha dilimizin qədimliyini sübuta yetirir.

Tədbirdə Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva və bölmənin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova çıxış edərək hər iki monoqrafiyanın oxucular üçün qiymətli mənbə, dilçilik elminə dəyərli töhfə olduğunu bildiriblər.

Sonda müəlliflər monoqrafiyaların ərsəyə gəlməsində, dilçiliklə bağlı materialların toplanılmasında Naxçıvan ərazisində təşkil edilən ekspedisiyaların rolunu vurğulayıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.