Terminologiya Komissiyasının iclasında mühüm məsələlər müzakirə olunub 09.10.2019 18:26 / KONFRANSLAR, İCLASLAR

Oktyabrın 8-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və Tibb Elmləri Bölməsinin iclası keçirilib.

İclası giriş nitqi ilə açan bölmənin sədri, akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Alim ölkə Prezidenti İlham Əliyevin Azərbaycan dilinin inkişafına və saflığının qorunmasına ciddi diqqət yetirdiyini, bu siyasi kursun uğurla davam etdirilməsində Terminologiya Komissiyasının böyük rolu olduğunu vurğulayıb. O, müxtəlif elm sahələri ilə bağlı terminoloji lüğətlərin hazırlanmasının həm tədqiqatların səmərəliliyinin artırılması, həm də dilin zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib.

Ə.Əmiraslanov Terminologiya Komissiyasının Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə yenidən baxılmasına ciddi zərurət yarandığını deyərək, bu məsələ ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacağını bildirib.

Alim terminologiya ilə bağlı bütün problemlərin geniş şəkildə müzakirəyə çıxarılması və müvafiq sahə mütəxəssislərinin iştirakı ilə elmi əsaslı qərarların qəbul edilməsinin vacibliyinə bir daha diqqət çəkib. O, bu kimi terminoloji məsələlərlə bağlı məlumatların Terminologiya Komissiyası ilə birgə müzakirə edilmədən öncə mətbuata və sosial şəbəkələrə ötürülməsinin mənfi nəticələr verə biləcəyini söyləyib. Həmçinin elmin terminoloji problemləri ilə məşğul olmaq məqsədilə elmi-tədqiqat institutlarında ciddi işlərin aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Sonra Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova çıxış edərək AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində elmi terminologiya problemlərinə hər zaman həssaslıqla yanaşıldığını deyib. Alim son illərdə Terminologiya Komissiyasının qərarı ilə işıq üzü görmüş “Hərbi-tibbi terminlərin izahlı lüğəti”, “Onkologiya terminləri lüğəti” kimi əsərlərin Azərbaycan tibb elminə dəyərli tohfə olduğunu vurğulayıb.

S.Sadıqova Terminologiya Komissiyasının fəaliyyət prinsiplərindən, terminologiyaya qoyulan tələblərdən də danışıb. O, AMEA-nın Zoologiya İnstitutu tərəfindən müzakirəyə təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” üzrə informasiya sisteminə daxil ediləcək heyvan adları və terminlərlə bağlı bir sıra mübahisəli məqamlara toxunub, məsələ ilə bağlı ortaya çıxan sualları diqqətə çatdırıb.

Tədbirdə AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov da çıxış edib. Alim Azərbaycanda mövcud olan onurğalılar faunasının sistematikası, növ tərkibi, heyvan və quşların adları ilə bağlı yığılıb qalmış problemlərin həlli üçün Zoologiya İnstitutu, Bakı Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, eləcə də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin gördüyü işlərdən, 1 il ərzində aparılmış araşdırma və müzakirələr nəticəsində hazırlanmış sənədin qəbulunun vacibliyindən danışıb. O, araşdırmalar nəticəsində Azərbaycanın onurğalılar faunasının növ tərkibinin dəqiqləşdirildiyini xüsusi vurğulayıb.

Müzakirələrdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə HüseynovaBotanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, eləcə də digər alimlər çıxış edərək təklif və mülahizələrini irəli sürüblər.

Bildirilib ki, son zamanlar dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi dilçi alimlər qarşısına yeni vəzifələr qoyub. Bu vəzifələrin həyata keçirilməsi və uğurlu nəticələrin əldə edilməsi məqsədilə müvafiq sahə mütəxəssisləri öz səylərini biləşdirməli, birgə fəaliyyət göstərməlidirlər.

İclasın sonunda akademik Ə.Əmiraslanov “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” adlı sənədin yenidən müzakirə edilməsi və yekun rəylərin verilməsi üçün aidiyyatı şəxslər və dilşünas alimlərdən ibarət işçi qrupunun yaradılmasını təklif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.