"Akmal Nurun dəyərləri və rəssamlıq simvolları" kitab-albomu Özbəkistanda nəşr olunub 08.10.2019 17:13 / KONFRANSLAR, İCLASLAR

Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin müəllifi olduğu "Akmal Nurun dəyərləri və rəssamlıq simvolları" kitab-albomu Özbəkistanın paytaxtı Daşkənd şəhərində rus-ingilis dillərində çapdan çıxıb.

Nəşrdə Özbəkistan Rəssamlıq Akademiyasının sədri, Xalq rəssamı Akmal Nurun 200-ə yaxın əsəri yer alıb.

Əsərdə qeyd olunur ki, A.Nurun rəssamlıq fəaliyyəti həm bədii-məcazi, həm qiymətli, həm də simvolik baxımdan tükənməz məlumat mənbəyidir. Akmal Nurun yaradıcılığının ümumi mənzərəsini təbiətdən mədəniyyətə, şəxsiyyətdən ailəyə, fərdi şüurdan kollektiv simvollara gedən yol təşkil edir. Onun yaradıcılığı təkcə dərin simvolik deyil, həm də mifoloji xarakter daşıyır. Sənətkar özünü ən çox tsiklik, cütlük, evlilik, ailə mifi çərçivəsində rahat ifadə edir. Yalnızlıq mövzusu harmonik bir şəkildə ailə mövzusuna keçir. Rəssamın bu mövzuda ilk işlərindən biri də məşhur "Ailə" (1981) əsəri olub.

Eyni zamanda özbək mədəniyyətinin ənənələrini və müasir əyani dilin üzvi birliyini A.Nurun bədii üslubunun əsas xüsusiyyəti adlandırmaq olar. A.Nurun yaradıcılığında Fransa, Avstriya, Rusiya və digər rəngkarlıq məktəblərinin, eləcə də orta əsrlər sufi ədəbiyyatı və müasir intellektual nəsr əsərlərinin təsirini də sezmək mümkündür.

Qeyd edək ki, bu günlərdə Özbəkistan Rəssamlıq Akademiyasında əsərin təntənəli təqdimat mərasimi baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.