Tarix İnstitutunun alimləri Bolqarıstanın Şumen Universitetində olublar 08.10.2019 14:38 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetində olub.

Şumen Universitetinin rektoru, professor Habil Georgi Kolevlə görüşdə ikitərəfli əməkdaşlıq münasibətlərindən söz açılıb. H.G.Kolev bildirib ki, tezliklə universitetin Humanitar elmlər fakültəsi ilə Tarix İnstitutu arasında əməkdaşlıq protokolunun imzalanması barədə qərar qəbul olunacaq.

Y.Mahmudov isə öz növbəsində azərbaycanlı alimlərin Bolqarıstanın Yambol şəhərində keçirilən “Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” adlı beynəlxalq konfransda iştirakı barədə danışıb. O, iki xalqın ortaq tarixi keçmişə malik olduğunu və Bulqar türk dövləti haqqında birgə tədqiqatlar aparmağı planlaşdırdıqlarını bildirib: “Alimlərimiz arasında qarşılıqlı elmi mübadilənin olmasını, magistrantlarımızın və gənc tədqiqatçılarımızın sıx əlaqələr qurmasını istəyirik”.

Görüşdə, həmçinin Allahverdi Əlimirzəyev və Ramin Əlizadə Azərbaycan-Bolqarıstan əlaqələri tarixi və iki xalqın etnogenetik kökləri barədə ətraflı məlumat veriblər.

Əldə olunan razılığa əsasən, tərəflər müvafiq müqavilənin mətnini hazırlayıb bir-birlərinə təqdim edəcəklər.

Sonda rektora Qarabağın, İrəvan xanlığının tarixinə və erməni vandallarının məhv etdikləri abidələrimizə həsr edilən əsərlər təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.